Bərdə DYP rəisi haqqda cənab Vilayət Eyvazova "DOSYE" - Sensasion açıqlamalar/Videolar


Bərdə DYP rəisinin Vilayət Eyvazova necə aldatdığı ifşa olundu
Bərdə Dövlət Yol Polisində (DYP) baş verən hadisənin təfərrüatı getdikcə üzə çıxmağa başlayır.

Bərdə DYP rəisi Anar Cəlilovun öz əməkdaşı Vasif Qasımova qarşı etdiyi haqsızlığın və qurama oyunun detalları ifşa olunmaqdadır.

Məlum olduğu kimi, olan, Bərdədə YAP-ın qurucularından olan, prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş Qasımov Elman Umud oğlu Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdi.

O, nazirə müraciətində Bərdə DYP rəisi Anar Cəlilovun əsassız yerə oğlu Vasif Qasımovu işdən azad etdiyini bildirmişdi. E.Qasımov DYP rəisinin oğluna şər-böhtan atdığını, ssenari quraraq övladını işsiz qoyduğunu açıqlamışdı.

Bərdədən DİN-ə qədər...

Bu müraciət böyü bir səs-səda doğurmuşdu. Nazir Vilayət Eyvazova ünvanlanan məktub həm nazirlikdə, həm Bərdədə reaksiya doğurmuşdu. İndisə işin daha sensasion məqamları aydınlaşır. Bu haqda az sonra...

Nazirə ünvanlanan həmin müraciətdə isə deyilirdi ki, Vasif Qasımov 2014-cü ildən Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisində işləyib. Bu müddət ərzində qüsursuz xidmət göstərib.

Hətta buna görə Bakıda keçirilən Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında Bərdədən paytaxta ezam edilib. Vasif Qasımov Bakıda göstərdiyi peşəkar xidmətinə görə mükafatlandırılıb.

Lakin Bərdə DYP rəisi postuna Anar Cəlilov gəldiyi gündən V.Qasımovu gözümçıxdıya salmağa, sıxışdırmağa başlayıb.

Nəhayət, məsələ karantin günlərində partlayıb. DYP rəisi Anar Cəlilov Vasif Qasımovu postda sürücüdən pul alaraq buraxmaqda ittiham edib və sərəncamı verilib.

Hələ bu azmış kimi, karantin dövründə 20 gün fasiləsiz və növbəsiz postda çalışıb. Bu da polis orqanlarında təlimata ziddir.

Elə sıxışdırmadan, qərəli münasibətdən aydın olmalıydı ki, DYP rəisi Vasifi incidir, başının üzərində kabusa çevrilib və günün birində tələyə salmaq istəyir.

Lakin arzusuna çata bilmir. Çünki V.Qasımov qüsursuz xidmət göstərən yol polis əməkdaşı idi. Odur ki, ona böhtan atılaraq postda sürücüdən pul alıb yolu keçməsinə göz yumması itttihamı ilə işdən çıxardırlar.

DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Saib Mirzəyev isə müraciətə cavabda qeyd edir ki, məsələ araşdırılıb. Bildirilir ki, V.Qasımov aprelin 16-da, saat 18:30-da sürücü Elşən Abdullayevin xüsusi icazəsi olub-olmadığını yoxlamadan, barəsində tədbir görmədən, şəxsi marağından irəli gələrək danışıqlar apardıqdan sonra onu postdan buraxıb.

Ona görə də Bərdə Rayon Polis Şöbəsi rəisinin əmri ilə polis orqanlarından azad edilib. Bu, hadisənin qısa motivi və rəsmi mövqedir. Gəlin, üzə çıxan yeni faktlara nəzər yetirək.

Sürücüdən rəisə şok ittihamlar: “Məcbur elədilər ki, Vasifin üzünə durum...”

Vasif Qasımovun pul “alıb” postdan buraxdığı deyilən sürücü Elşən Abdullayev açıqlama yayıb və DYP rəisi Anar Cəlilovu, Bərdə RPŞ-ni ifşa edib.

Yutub sosial mediasında video açıqlama verən E.Abdullayev bildirib ki, karantin rejimini pozması ittihamı ilə 30 sutka həbs edilib.


Vasif Qasımova "beş manat verən" sürücünün etirafı



O, açıqlamasında qeyd edib ki, həbsinə səbəb məhz işi ört-basdır etmək, susdurmaq, həmin müddətdə V.Qasımovun işdən azad çıxarmaq olub.

E.Abdullayev deyir ki, nə V.Qasımovun olduğu postdan keçib, nə onunla görüşüb, nə belə birini tanıyır: “Mən taksi şoferiyəm, polislər Bərdədə tutdular. Dedilər ki, Kətəlparaq postundan keçmisən, karantin rejimini pozmusan.

Halbuki, mən o postdan keçməmişəm. Müşahidə kameralarına baxmaq kifayət edir. Maşına iki mülki şəxs müştəri qismində oturmuşdu, sonra bölməyə gətirdilər. Adımdan yalan izahatlar yazdılar.

Məcbur elədilər ki, izahatda Kətəlparaq postundan keçdiyimi və Vasif Qasımova pul verdiyimi yazım. Əməliyyatçılardan biri narkotiklərlə mübarizənin rəisi Tural, digəri post patrulun komandiri Rəşad idi”.

E.Abdullayevin sözlərinə görə, onlar zor tətbiq ediblər, döyüblər, dirsək nahiyəsi yaralanıb: “Mənə 30 sutka həbs verildi. İmkan vermədilər ki, məhkəmədə başıma gələnləri danışım.

Karantini pozmaq adı ilə həbsə yolladılar. Bakıdan yoxlama gəlmişdi, izahat vermədim. Dedilər ki, izahat yaz, Vasifə pul verdiyi qeyd et, eləmədim.

Soruşdum ki, iş yoldaşınız əleyhinə bunu niyə edirsiniz? Bildirdilər ki, bizim işimizdir, rəis tapşırıb, ona məlumat verməliyik.

Mən bilmirəm ki nə baş verib, amma əsassız yerə məni tutdular, işgəncə verdilər, həbsə yolladılar.


Halbuki, karantini pozmuşamsa cərimə yaza bilərdilər, amma döydülər, 30 sutka verdilər. Fakt budur ki, Vasifə pul verməmişəm, onun üzünə durmaq üçün izahat yazmağa məcbur elədilər.

Bu da adamın kişiliyinə sığışmır. Bu çıxışımdan sonra da mənə təzyiq ola bilər, amma vicdanım sığmadı ki, Vasif haqda həqiqəti gizlədim”.

Qasımovlar nazirə güvənir

Göründüyü kimi, ortada real açıqlama, fakt və video çıxış var. Hər halda V.Qasımova atılan böhtan, günahsız yerə şərlənməsi ilə bağlı bundan sonra daha obyektiv araşdırma aparılacaq.

Onun atası, prezidentin təltif etdiyi E.Qasımov da inanır ki, nazir Vilayət Eyvazov həqiqətin gün işığı kimi ortaya çıxmasına şərait yaradacaq, məsələ ilə maraqlanacaq və onu qəbul edəcək, dinləyəcək, oğlunun üzərindəki böhtanı təmizləyərək işinə bərpa edəcək.


Cənab nazir, Bərdədə sürücüdən pulu belə alırlar. Amma beləsinə gözün üstə qaşın var deyən yoxdur. Çünki bunlar rəis Anar Cəlilovu da, Rəşadı da, Turalı da razı salırlar. Amma cənab prezidentin xəbərdarlığına arxalanıb, pul almayanı isə - yəni övladımı şərləyib, işdən çıxarırlar... Video çəkilən ərazidə müşahidə kamerası var. Yəqin ki, cənab rəisimizin başı övladımın işdən çıxarılması əməliyyatına qarışdığından, kameraları nəzarərətdə saxlamayıb. (Niva 09 BX 100)



“Mən bir sədaqətli YAP üzvü, “Tərəqqi” medalı almış təsərrüfatçı və ata kimi sizə müraciət edirəm, yalvarıram, hörmətli Vilayət müəllim, şəxsən özünüz bu məsələlərin araşdırılmasına göstəriş versəniz, ciddi faktların şahidi olacaqsınız”, - deyə Vasifin atası, YAP-n yerli təşkilatının qurucularından olan Elman Qasımov bildirir.

İstisna deyil ki, nazirlikdə hansısa güclər, DYP rəisi Anar Cəlilovu qoruyan əllər nazirə məsələni fərqli təqdim ediblər.

Lakin ortalıqda biabırçı bir hadisə var: sürücü döyülür, cərimələnmək əvəzinə 30 sutka karantini pozmaq adı ilə həbs edilir, Vasifin üzünə durması üçün işgəncə ilə qarşılaşır və nəhayət, həbsdən çıxan axşamın ertəsi video açıqlama yayaraq həqiqəti danışır, A.Cəlilovu və Bərdə RPŞ-nin planlarının mahiyyətini faş edir. Məlum olur ki, məqsəd Vasifi işdən çıxarmaq üçün qurulan tamaşa imiş.

Bərdə ziyalıları, yazarları həyəcan təbili çalır


Cənab nazir, videodan da gördüyünüz kimi, 07.05.2020-ci il də Bərdə DYPB-nin rəisi Anar Cəlilovun rəhbərliyi ilə əməkdaşlar 10 BD 513 dövlət nömrə nişanlı VAZ 2106 avtomobili cərimə meydançasına aparırlar. Bu əməliyyata şəhərə nəzarət kameralarından da baxmaq olar. İndi sual edirəm, həmin avtomobil cərimə yazılmadan necə buraxılır? Ola bilər ki, bu yazıdan sonra özlərini sığortalamaq üçün həmin avtomobilə protokol tərtib oluna bilər. Amma ciddi araşdırılsa, yazdıqlarım sübut olunacaq...



Bərdə DYP rəisinin əməllərindən cana doyan və şikayətlər yazan təkcə işdən çıxardığı keçmiş əməkdaşı V.Qasımovun atası deyil. Eyni zamanda ayrı-ayrı şəxslər sosial mediada yazırlar.

Məsələn, “Sputnik Azərbaycan”ın Qarabağ üzrə bölgə müxbiri Musa Muradlı yazır:

“Bərdədə Dövlət Yol Polisinin fəaliyyəti rayon sakinlərini qane etmir. Nöqsanlarla dolu xidmət vətəndaşlarda dövlətə və polisə olan inama ağır zərbə vurur. Dövlət Yol Polisinin fəaliyyəti, vətəndaşlarla davranışı, cəmiyyətdə heç də bir mənalı qarşılanmır.


Musa Muradlı

Şübhəsiz ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində də yol polislərinin həddindən artıq korrupsiyalaşması, rüşvətə meylli olması narahatlıq yaradır. Daxili İşlər Naziri Vilayət Eyvazovun Baş Dövlət Yol Polisində apardığı kadr dəyişiklikləri də çox güman ki, məhz bununla bağlıdır”.

Bərdənin ağsaqqallarından olan Zahid Mikayılov adlı istifadəçi isə bir cümlə ilə rayonu ifadə edir: “Narkomaniya gəncləri çökdürüb...”

Onun sözlərinə görə, Bərdədə narkotik gəncləri məhv etməkdədir. Z.Mikayılov qeyd edir ki, zibilxanalarda yaşayan cavanlar var:


Zahid Mikayılov

“Bu narkomaniyanı kimlər yayır? Maraqlanan var? Bərdə imam şəhəridir, inanclı əhalisi var. Amma cavanların çoxu narkotikə qurşanıb.

Bəs Bərdənin hüquq-mühafizə orqanları hara baxır, nə üçün tədbirlər görmür? Narkomaniya adamı oğruya çevirir, insanın şəxsiyyətin alçaldır. Həyəcan təbili çalmaq lazımdır”.

Bərdənin C.Məmmədquluzadə küçəsi 22-də yaşayan Abdullayev Vahid isə deyir ki, inspektor Şücaət Məmmədov onu saxlayıb, qulağında telefonla danışa-danışa sənədləri tələb edib, saymazyana hərəkətləri ilə əsassız cərimə yazıb.

Bütün bu şikayətlər, narazılıqlar göstərir ki, Bərdədə vəziyyət ürəkaçan deyil və təkcə haqqını tələb edən DYP əməkdaşı V.Qasımov yox, əksər bərdəlilərdir. Onlar inanırlar ki, cənab nazir Vilayət Eyvazov tezliklə Bərdədə ciddi addımlar atacaq...

P.S Cənab nazir, təsəvvür edin ki, Anar Cəlilovun haqsızlıqları məni necə "yandırıb" ki, mən iş-gücümü ataraq, sayt hazırlatdırıb, buradan sizə müraciət edirəm.






https://xezer.org/manset/2153-berde-dyp-reisinin-vilayet-eyvazova-nece-aldatdigi-ifsa-olundu.html
Tarix: 20-05-2020, 09:49
Xəbəri paylaş





Xəbər lenti