İcra başçısı karantin qaydalarını belə pozdu – FOTO

  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov karantin rejimi qaydalarını pozub.
 

Pravda.az-ın xəbərinə görə, icra başçısı bir neçə gün öncə keçirdiyi görüşdə ətrafına 30 nəfərdən çox sakin toplayıb.
 
Belə ki, R.Babaşov mayın 23-də rayonun Qazaxbəyli kəndində Yeni qəsəbədə olub, məcburi köçkün ailələri ilə görüşüb. Onlara bayram sovqatı paylanılıb. Ölkə başçısının və Birinci vitse-prezidentin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri bugünkü tədbiri həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanıb.
 
İcra başçısının bu qədər sakini ətrafına toplaması müzakirələrə səbəb olub. Bildirilib ki, ölkədə koronavirusa yoluxmanın artdığı bir dövrdə belə bir addım yolverilməzdir.
 
Qeyd: Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.


     
Tarix: 30-05-2020, 21:59
Xəbəri paylaş





Xəbər lenti