Gəncədəki yeyintilər... SƏNƏDLƏ-SÜBUTLA... - Buna başqa nə ad qoyaq?..
Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 125 min 694 manat 40 qəpik olan və 4 fərqli adda keçirilən tender müsabiqələrinin qalibi “Spest Max” MMC şirkəti olub. Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi “Abadlaşdırma xidmətləri” üçün “Spest Max” MMC-yə 40 min 730 manat, “Dəftərxana və təsərüfat xərcləri” üçün 32 min 680 manat 80 qəpik, “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 25 min 824 manat, “Maşın və avadanlıqlar” üçün 26 min 459 manat 60 qəpik ödəyəcək. Qeyd olunan tender müsabiqələrinin 4-ü də eyni tarixlərdə icra olunacaq – 05.06.2020-ci il tarixində başlayıb 31.12.2020-ci il tarixində başa çatacaq. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət - “Spest Max” MMC cəmi 3 ay əvvəl - 11.03.2020-ci il tarixlərində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsinin 23.04.2020-ci il tarixində elan olunduğunu nəzərə alsaq, o zaman belə görünür ki, 4 fərqli istiqamətdə iş və xidmət göstərəcək “Spest Max” MMC mesabiqə elanından təxminən 1 ay əvvəl qeydə alınıb. Onu da bildirək ki, “Spest Max” MMC ilə eyni tarixdə (11.03.2020), eyni ünvanda (Sumqayıt şəhəri, İnşaatçılar qəs., ev 606), eyni şəxs tərəfindən (Allahverdiyev Ramil Nəsib oğlu), eyni nizamnamə kapitalına (50 manat) malik daha bir şirkət qeydə alınıb. Bu şirkətin adı “Az Desent Group” MMC-dir. Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 1-2 ay əvvəl qeydiyyata alınan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. “Spest Max” MMC və “Az Desent Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün olmasa da, hər iki şirkətin qanuni təmsilçisi olan Allahverdiyev Ramil Nəsib oğlunun ad, soyad və ata adına uyğun gələn şəxsin ictimai işçi kimi Ağcabədi rayonu üzrə “DOST İş Mərkəzi”dən əməkhaqqı aldığı görülür. Onu da qeyd edək ki, bu cür vəziyyət dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil. Bu dövlət qurumlarının "tender" müəmması: Layihələr bir aylıq şirkətlərə həvalə olunur – SİYAHI (https://www.yeniavaz.com/az/news/index/138965/bu-dovlet-qurumlarinin-tender-muemmasi-layiheler-bir-ayliq-sirketlere-hevale-olunur-siyahi)