Göyçayda bələdiyyə sədrinin vətəndaşlara qarşı dəhşətli əməlləri — ŞOK TƏFƏRRÜAT

Göyçayda bələdiyyə sədrinin vətəndaşlara qarşı dəhşətli əməlləri
Göyçay rayon Potu bələdiyyəsinin sədri vəzifəsində işləmiş 1959-cu il təvəllüdlü Eldar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Eldar Babayev Göyçay rayonu Potu bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə bələdiyyə sədrinin vəzifələrinə aid olmadığı halda 2015-ci ilin avqust ayının istintaqa məlum olmayan ayrı-ayrı günlərində vahid niyyətlə Göyçay rayonu Potu kənd sakini Tofiq İsmayılov və ailə üzvlərinə Göyçay rayon Aqrar İslahat komissiyasının 21 iyul 1998-ci il tarixli qərarı ilə JN-042F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində göstərilən 0,26 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən olunması və həmin sahəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarışı” almaq adı ilə aldadıb.

O, Tofiq İsmayılova yalandan vəd verərək ondan hissə-hissə ümumilikdə 1200 manat alıb.

Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Göyçay rayonu Potu kəndində yaşayan Rauf Hacıyevə torpaq ayrılması barədə ərizəsi olmadığı halda Potu bələdiyyəsinin mülkiyyətində olan ərazidən 0,06 ha torpaq sahəsi ayrılacağı barədə yalan vəd verib. O, Rauf Hacıyevdən 2015-ci ilin sentyabr ayında 1000 manat, 2016-cı ilin fevral ayında isə 1300 manat alıb.

Həmçinin Eldar Babayev təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yaşayan Zahir Daşdıyevə torpaq ayrılması barədə ərizəsi olmadığı halda Potu kənd bələdiyyəsinin mülkiyyətində olan ərazidən 0,10 ha torpaq sahəsi ayrılacağı barədə yalan vəd verib. O, Zahir Daşdıyevin 2018-ci ilin yanvar ayında 1100 manat pulunu ələ keçirib.

Eyni zamanda Eldar Babayev Göyçay rayonu Potu kəndində yaşayan Sahib Əsgərova torpaq ayrılması barədə ərizəsi olmadığı halda Potu kənd bələdiyyəsinin mülkiyyətində olan ərazidən 0,06 ha torpaq sahəsi ayrılacağı barədə yalan vəd verib. O, Sahib Əsgərovdan 2018-ci ilin yanvar ayının ortalarında 900 manat pulunu alıb.

İstintaq orqanı tərəfindən Eldar Babayevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Göyçay rayon Məhkəməsinin hökmü ilə Eldar Babayev 2 il müddətində dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum olunmaqla 4000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Eldar Babayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin edilməyib.

Bu qəraradan narazı qalan Eldar Babayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb və sonda qərar elan edilib.

Qərara görə, Eldar Babayevin kasasiya şikayəti qismən təmin edilib. Eldar Babayevin barəsində təyin olunmuş 2 il müddətinə dövlət və yerli özünü idarə oqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsinə dair hissə ləğv edilib, ona əlavə cəzanın təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilib.

Qalan hissədə qərar dəyişdirilmədən saxlanılıb.
Tarix: 12-06-2020, 14:13
Xəbəri paylaş





Xəbər lenti