Göyçayın hərbi komissarı orduya ziyan vurur – Prezidentə şikayət





Göyçay rayonun sakinləri Həsənov Hüseyn Yadigar oğlu, Azadov Gəray Sədi oğlu, Məmmədov Bəhruz Tofiq oğlu və Nağıyev Azər Niftalı oğlu Prezident İlham Əliyevə müraciət edib. REPORTYOR.info xəbər verir ki, sakinlərin şikayəti Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi ilə bağlıdır. Şikayətçilər iddia edir ki, şöbənin rəisi Famil Əliyevin korrupsiya əməlləri nəticəsində Azərbaycan Ordusuna ciddi ziyan dəyib: “Famil Əliyev Göyçay hərbi komissarlığını açıq-aşkar bazara döndərib. Hərbi xidmətə yararsız hesab edilən vətəndaşlar üç ildən bir təkrar tibbi müayinədən keçməlidir. Əgər əvvəllər bunun qiyməti 300 manat idisə, Famil Əliyev bu məbləği 500 manata qaldırıb. Bunu isə onunla əsaslandırır ki, qiyməti yuxarıdan qaldırıblar.

Həmçinin Famil Əliyevin köməkliyi ilə sağlam, hərbi xidmətə tam yararlı vətəndaşlar saxtakarlıqla hərbi xidmətə yararsız edilib.
Göyçay rayonunda hərbi xidmətə yararsız hesab edilən sağlam insanlar var ki, onlar uzun müddət ölkə hüdudularından kənarda yaşayıblar. Komissarlıq həmin şəxslərin iştirakı olmadan onları tibbi müayinədən keçirib. Yəni, sadəcə sənədlərinə baxılıb və saxta rəy verilib. Ölkədən kənarda yaşayan şəxslərin bu şəkildə tibbi komissiyadan keçirilməsi üçün Famil Əliyev onların hər birindən 2000 manat alır”.
Şikayətçilərin iddiasına görə, araşdırma aparılacağı təqdirdə Famil Əliyevin qeyd edilən əməlləri bütün çılöaqlığı üzə çıxar.
Sakinlər daha sonra bildirib: “Famil Əliyev sağlam şəxsin hərbi xidmətə yararsız hesab edilməsinin qiymətini müharibədən sonra 8000 manata qaldırıb. Səbəbini isə belə izah edir ki, müharibə şəraitindəyik.
Komissar qohum və tanışlarını da hərbi xidmətdən yayındırıb. Hətta onların təkrar tibbi müayinədən keçirilməsini də heç bir yoxlama aparılmadan özü təşkil edir.
Bunlardan biri Famil Əliyevin qohumu şübhəli təhsili və saxta diplomlu olan Göyçay şəhər sakini Dadaşov Adil Qadir oğludur.
Dadaşov Adil Qadir oğlu sağlam və hərbi xidmətə tam yararlı olsa da, qohumu Famil Qasımovun dəstəyi nəticəsində saxta həkim rəyi ilə hərbiyə yararsız edilib.
Əgər Dadaşov Adil Qadir oğlu Bakı şəhərində ixtisalaşdırlmış xəstəxanada müasir tibbi aparatlar vasitəsi ilə müayinə edilərsə, hərbiyə yararsız hesab edilməsinə əsas kimi qeyd olunmuş xəstəliyin onda mövcud olmayacaq”.
Sakinlər qeyd edib ki, Famil Əliyev bu yollarla əldə etdi pulların hesabına Bakı şəhərində 2 böyük villaya, mərkəzdə 8 mənzilə və 12 böyük ticarət obyektinə sahib olub. “İnanırıq ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu cinayət faktlarıının araşdırılıb korrupsiya əməlləri ilə məşğul olan hərbi komissir Famil Əliyevin barəsində ciddi tədbirlərin görülməsi barədə müvafiq qurumlara tapşırıq verəcək”, – şikayətçilər əlavə edib.
REPORTYOR.info Göyçay sakinlərinin müraciətində əks olunan faktlarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə sorğu göndərsə də, cavab almaq mümkün olmayıb.
Tarix: 16-04-2021, 09:29
Xəbəri paylaş





Xəbər lenti