Şəmkir RMX-da biabırçılıq – İnfarkt keçirmiş xəstəyə ilkin tibbi yardım göstərilməyib...
Həkimin dəqiq müəyyənləşdirilmiş iş saatı yoxdur. Belə peşə sahiblərinə insanların daim ehtiyacı var. Heç kim bilə bilməz ki, bir saatdan sonra onun başına nə gələcək. Ona görə də insan həyatı həmişə mühafizə olunmağa möhtacdır. Bizdən asılı olmayan səbəblər ucbatından sağlam¬lığımıza dəyən zərər həkimlər tərəfindən aradan qaldırıla bilər. İnsanların sağlamlığında günün istənilən vaxtında problem yarana bilər. Ona görə də tibb ocaqları 24 saat insanların keşiyində dayanmalıdırlar.
Təəssüf ki, ölkədəki tibb ocaqlarının, xəstəxanalardakı həkimlərin heç də hamısı öz məsuliyyətini dərk etmir. Bəzi tibb müəssisələri isə nəinki insanların sağlamlığı keşiyində dayanır, hətta onları ölümə tərk etməkdən belə çəkinmir.
Bu gün axşam saatlarında Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisə səhiyyə sistemimizdəki eybəcərliyin daha bir nümunəsidir.
Bakı şəhər sakini Müşfiq Şükürov Şəmkir rayonu ərazisindən keçərkən qəflətən halı pisləşib, onun ürək nahiyəsində ağrılar başlayıb. Yaxınları xəstəni təcili Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ancaq tibb müəssisəsində xəstəyə heç ilkin tibbi yardım da göstərilməyib. Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim olmayıb. Xəstə yaxınları çox axtarışdan sonra həkimi tapıb xəstəxanaya gətiriblər. Bundan sonra məlum olub ki, xəstəxanada kardioqramma aparatı yoxdur. Yəni xəstənin ürəyini müayinə edə bilməzlər. Xəstəxanadakı həkimin dediyinə görə, kardioqramma aparatlarını həkimlər özləri ilə apardığından xəstəni burda müayinə etmək mümkünsüzdür. Xəstə yaxınları son çarə kimi xəstəni təcili Gəncə şəhərinə aparmaq istəyiblər. Bu dəfə isə başqa bir problemlə qarşılaşıblar. Xəstəxanada deyiblər ki, təcili yardım avtomobilindən istifadə etmək üçün avtomobilin yanacağını almalı, sürücünün də haqqını ödəməlidirlər. Bu artıq vicdansızlığın pik nöqtəsidir. Deməli, xəstənin yaxınları orda olmasa, onu nə Gəncə şəhərinə aparan olacaqdı, nə də həyatı xilas edən. Yaxud xəstənin pulu yoxdursa, o elə həmin xəstəxanada da ölməli idi.
Bu gün Azərbaycanın bölgələrində fəaliyyət göstərən səhiyyə müəssisələri ən müasir standartlara cavab verir. Dövlətimiz bu şəraiti yaradıb ki, insanların sağlamlığı qorunsun, əhali heç bir problemlə rastlaşmasın. Şəmkir rayonunda milyonlarla vəsait hesabına tikilən, müasir avadanlıqlarla təmin edilən xəstəxana sahibsiz buraxılmaq üçün yaradılmayıb. Müasir xəstəxanada adi EKQ aparatının olmaması nə deməkdir? Xəstəni başqa xəstəxanaya çatdırmaq üçün pul istəməyin, maşının benzini yoxdur deməyin adı nədir?
Hörmətli oxucular! Biz bu vəziyyətə bir ad tapıb qoya bilmədik. Bir insanın həyatı ilə alver etmək, bir xətəni ölümün pəncəsinə buraxmaq bağışlanmazdır. İnanırıq ki, aidiyyəti qurumlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verən bu biabırçı hadisənin hesabını soracaqlar.
Tarix: 22-04-2021, 23:37