Məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.
Bu barədə Arqument.az-a Azadkənd sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, 21-ci əsrdə Azərbaycanda belə bir məktəbin olması təhsil sistemi üçün utancdır.
Məktəb binasının bərbad halda olmasını əks etdirən görüntülərin içərisində bir şəkil daha çox diqqəti cəlb edir: qəzalı vəziyyətdə olan məktəb binasının divarına çöl tərəfdən dəmir dayaq qoyublar ki, aşmasın.
"Yəni çöl tərəfə aşmasın, amma içəriyə, şagirdlərin başına aşsa da olar...", - kənd sakinlərindən biri fikrini ironik ifadə edir.
Sakinlərin dediyinə görə, Azadkənd böyük kənddir və burada 1000-dən artıq təsərrüfatı var, amma 1967-ci ildə tikilən məktəb heç vaxt əsaslı şəkildə təmir olunmayıb.
"İndi isə təmir etmək də mümkün deyil. Hər an uçmaq təhlükəsi var. Dərhal sökülməli və yeni məktəb binası tikilməlidir", - sakinlər belə deyirlər.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Arqument.az-a deyib ki, həmin məktəb plandadır, yenidən tikiləcək.
Saatlı Rayon İcra Hakimiyyətindən isə münasibət öyrənmək mümkün olmayıb.