Daşkəsəndə nə baş verir? – Əhəd Abıyev etirazçılara zəng etdi


bitmap-img6

Mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edir, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildirirlər.

Polis aksiyaya müdaxilə edib, etirazçılar Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb. Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyəti başçısını günahlandırıblar.

“Kənd camaatı aciz vəziyyətdə qalıb. Öz pulumuza su borusu almışıq, boruları satıblar. Kənddə qaz yoxdur, su yoxdur, asfalt yol yoxdur. Örüş yerlərimiz, əkin sahələrimiz, yaylaqlarımız pul müqabilində varlı adamların istifadəsinə verilib. Kənd camaatının mal-qoyun saxlamaqdan başqa məşğuliyyəti yoxdur. Örüş sahələrimiz satıldığından ondan da istifadə edə bilmirik. Biz nə ilə dolanaq? Bu suala Prezident Administrasiyasından cavab almaq üçün gəlmişik”, deyə kənd sakini Rəna Bağırova qeyd edib.

Digər kənd sakini deyib ki, rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev etirazçılara zəng edib.

“İcra hakimiyyəti başçısı zəng edib deyir ki, etirazı dayandırın, bütün tələbləriniz yerinə yetiriləcək. Amma, on ildir, eyni sözləri təkrar edir, kənd camaatının tələbini yerinə yetirmir”, deyə başqa bir etirazçı qeyd edib.

Bu zaman Arif adlı vəzifəli şəxs etirazçılardan birinə zəng edib. Etirazçı bildirib ki, onun müharibədə həlak olmuş oğlunun və müharibə iştirakçısı olan digər oğlunun torpaqları varlı adamlara satılıb və orada villalar tikilib.

“Siz Gəncə şəhərində qeydiyyatdasınız. Torpaqlarınız heç kimin istifadəsinə verilməyib. Özünüz və oğlanlarınızın torpaq sahələri barədə rəsmi müraciət edin, araşdıraq”, deyə Arif adlı şəxs deyib.

Etirazçı telefonun selektorunu açıb və jurnalistlər Arif adlı vəzifəli şəxsin dediklərini eşidən zaman polis müdaxilə edib, jurnalistlərin vəzifəli şəxsin dediklərini dinləməsinə mane olub.

Öz növbəsində, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Turan-a bildirib ki, Prezident Administrasiyasının qarşısına toplaşan şəxslərin tələblərinin rayon icra hakimiyyətinə aiddiyyatı yoxdur. Onlar çıxışlarında irəli sürdükləri tələblərlə rayon icra hakimiyətinin nüfuzuna xələ gətirib.

“Torpaq islahatları haqqında” qanunun tələblərinə uyğun olaraq, Xoşbulaq kənd sakinlərinin istifadəsinə əkin, biçənək və örüş sahələri verilib. Kənd sakinlərinin ümumi istifadəsində 2629 hektar əkin, biçənək və örüş sahələri var. Sakinlərin bu qədər sahələrdə otarılacaq qədər mal-qoyunu belə yoxdur”, deyə o qeyd edib.

İcra hakimiyyəti başçısının sözlərinə görə, rayonun yay otlaq sahələrinin bir qismi Kəlbəcər və Laçın rayonlarından olan 73 məcburi köçkün olan təsərrüfat sahibinə icarəyə verilib.

“Bu torpaq sahələrinin Xoşbulaq kəndinə aidiyyatı yoxdur. Həmin torpaqlar qanunvericiliyə uyğun olaraq artıq 30 ildir icarəyə verilib. Buna baxmyaraq, Prezident Administrasiyasının binası qarşısına gedən həmin qrup kənd sakininin bir neçəsi icarədarların qarşısını kəsib, onların çadırlarını yandırıb. Onlardan tələb ediblər ki, rayonunuz azad edilib və daha bu torpaqlara gəlməyin. Həmin 73 icarədar şikayət edib. İyulun 1-də rayon məhkəməsi həmin şikayətə baxacaq. İndi icarədarların qarşısını kəsən bir neçə şəxs öz analarını, qohumlarını toplayaraq məhkəməyə mane olmaq üçün Prezident Administrasiyasının qarşısına gediblər”, deyə Abıyev qeyd edib.

Daşkəsən rayonunun Xoşbulaq kəndi Bakıdan 420 kilometr qərbdə, Ermənistanla sərhəddə yerləşir. Kəndin əhalisi iki mindən çoxdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Bu dağlıq ərazidən qədim zamanlardan yay otlaq sahələri kimi istifadə edilir. Xoşbulaq kəndi yay mövsümündə ölkənin Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.
Tarix: 26-05-2021, 14:13
Xəbəri paylaş





Xəbər lenti