Ucarda müdir idarənin əməkdaşlarını və texnikasını şəxsi təsərrüfatında işlədir? – VİDEO + AÇIQLAMA
“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb, kənd təsərrüfatı məhv olmaq üzrədir”. Bu iddianı Siam.az-a müraciət edən Ucar rayon sakini Raqif Şirinov səsləndirib. O, H. Qasımovun idarəyə məxsus texnikaları təyinatı üzrə yox, şəxsi təsərrüfatı üçün istifadə etdiyini iddia edib: “Hansı ki, həmin texnikalar rayon ərazisində olan kanalların təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir. Həsən Qasımov Ucar rayonunun Qarabörk kəndində 10 hektar torpaq sahəsini zəbt edərək yonca əkib. Hansı ki, həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. 25 may 2021-ci il tarixdə həmin torpaq sahəsində aparılan yonca yığımını lentə almışam. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda yoncanın idarəyə məxsus texnikalara yığılaraq həmin fermaya daşınması görünür. Kadrlarda Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin işə cəlb edilməsi də əks olunub. Təqdim etdiyim fotoda idarəyə məxsus, üzərinə ot yığılmış “61 AC 262” nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov uzun illərdir bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur”. R. Şirinov sözügedən video və fotoları redaksiyamıza təqdim edib:
Məsələ ilə bağlı Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov açıqlama verib və iddiaların əsassız olduğunu bildirib: "İddialar şantajdır, böhtan xarakterlidir. Mənə məxsus heyvandarlıq təsərrüfatı yoxdur. Yonca əkdiyim 5 hektar sahəm var. Həmin sahə əkin təyinatlıdır. İdarəyə məxsus 8 texnika var". H. Qasımov nə həmin texnikaların, nə də idarənin əməkdaşlarının öz təsərrüfatında işə cəlb edilmədiyini bildirib: "Rayondakı kanallar təmizlənir, narazıçılıq yoxdur. Ucar rayonunun torpağı onsuz da şoran və şorakətdir".