Göyçayın “qiymətlərin od tutub yanan” bazarı: nə alan razıdır, nə satan…
Burada həm alıcılar, həm də satıcılar eyni problemdən şikayətçidir “Evimin kərpici başıma uçur, bayram ruhunda da deyiləm. Xəstə bacımın pensiyasını alıb ona dərman və bir də ərzaq alacağıq. Bir tək plov dəmləsək, sevinərik. Yəni çətin ki bayram süfrəsi açaq”. Göyçay bazarına, sadəcə, un və gündəlik ərzaq məhsulları almağa gələn Qəmər Manafova bayram əhval-ruhiyyəsində olmadığını deyir. Onun kimi rayonun çox sakinlərini də bazarlarda artan qiymətlər narahat edir. Hazırda Göyçay bazarında da mənzərə belədir: alıcı bahalıqdan, satıcı isə alıcı azlığından şikayət edir. Piştaxtlara düzülən meyvə-tərəvəzlər isə alıcılara “gəl-gəl” desə də, “qiymətlər od tutub yanır”. Satıcılar ötən illə müqayisədə meyvələrin qiymətində 1 manat, bəzən də 2 manat artım olduğunu bildirirlər. Eyni vəziyyət tərəvəzlərin qiymətində də özünü göstərir. Buna görə satıcılar məhsul çeşidini azaldıblar. Satıcılar deyirlər ki, alıcıları itiririk… Satıcı Elxan Məcidov da qiymətlərin bahalaşmasından narazıdır. Deyir ki, bahalaşma onlarla alıcılar arasında uçurum yaradır, yəni alıcıları itirirlər: “Portağal 3 manatdır, bir neçə gün əvvəl 2 manat 50 qəpik idi. Alma bir manata idi, iki manat yarıma qalxdı. Şabalıd 7-9 manat arasında dəyişir. Vallah, özümüz üstünə ya 50 qəpik, ya 1 manat qoyuruq. Kişmişlər 6 manatdan 13 manata, qoz-fındıq da 5 manatdan 16 manata qədər dəyişir. Özümüzdə pul yoxdur ki, çeşid-çeşid gətirək. Ötən il ucuzluq idi. Bu il meyvə, tərəvəz çox bahadır”. “Ötən il pomidor 4 manat idi. Ərzaq da kəllə-çarxa qalxıb. Yağın kiloqramı 15-16 manatdır. Ötən il paytaxt salatının ərzaqı 18 manata, indi 30 manata çıxır. Bir gün 100 manat, bir gün 200 manat, elə gün olur heç 20 manat da olmur”, – Elxan Məcidov belə deyir. “Tanışlara nisyə veririk ki, bayramı keçirsin” Satıcılar deyir ki, pensiya və təqaüdlər verilib deyə bazarda digər günlərə nisbətən çox alıcı gözə dəyir. Onların da çoxunun bazarlığı 100-150 manatı ötmür. Satıcılar bahalığı yol xərci, məhsulun yerində baha olması ilə əsaslandırırlar. Satıcı Vidadi Səmədov hətta nisyə alış-veriş etdiyini deyir: “Alıcılıq çox zəifdir, gün ərzində 40-50 manat alver olur. Bununla özümüz necə dolanaq, götürdüyümüz məhsulların pulunu necə ödəyək? 1 manata olan alma 2 manat olub. Kivi, banan 3-4 manatdır. Yeni ildə bundan 1 manat ucuz satırdıq. Pomidor, üzüm 5-6 manat, bibər, badımcan, xiyar 3 manatdır. Kartof, soğan 1 manatdan yuxarıdır. Digər rayonlardan gətirilir deyə yol xərci, bahalıq, yazda qıtlıq, soyuducudan çıxması qiymətləri artırır. Rayondakı işsizlik də, pensiyadan asılılıq əhalinin maddi cəhətdən çox sıxır. Tanışlara nisyə veririk ki, bayramı keçirsin. Uşaq var ailədə axı”. “Kilo yox, qramı belə ağlımdan keçirmirəm” Yağışlı gündə, tutqun havada bazar içində var-gəl edən yorğun insanlar piştaxtlara ehtiyatla yanaşırlar. Onlar əlindəki pula uyğun nəsə hesablayaraq almağı düşünürlər ki, “nə şiş yansın, nə kabab”. Potu kənd sakini Güllər Kərimova da insanların bayram ehtiyaclarını ödəyə bilmədiyini dilə gətirir. Deyir ki, bazara 100 manatla gəlib. Ona görə də pulu elə xərcləməlidir ki, aldığı ərazaqlar 100 manatı keçməsin: “100 manatla gəlmişik. Ərzaqdan tutmuş meyvəyə qədər hamısından almağı düşünürük. Hərəsindən bir az alıb bayram süfrəsində uşaqları sevindirmək istəyirik. Yaxşı bir bayram süfrəsi açmaq üçün 250-300 manat lazımdır. Ən çox ərzaq bahadır. 150-200 manat 10 günün ərzaqını təmin etmir. Təkcə badamın qiyməti 18 manatdır. Təmizlənmiş qoz, fındıq 15-16 manatdır. Kilo yox, qramı belə ağlımdan keçirmirəm. Marketlər bazarlardan 20-30% bahadır. Ət isə 14 manatdan 18-qədər. Əti kəndən çox vaxt nisyə alırıq”. Elə bu an yanındakı alıcı da əlindəki ərzaq paketini göstərərək söhbətə başalayır: “Kənddən gəlmişəm. 3-4 məhsul aldım, 40 manat getdi. Bax, düyü, yağdı… Gəzirəm, hesablayıram, nəyi necə alım ki, 200 manatla bayramı yola verim. Bu da pensiyamdır. Alıb bazara gəlmişəm. Evdən bir siyahı verirlər, onu al, bunu al. Amma olmur, vallah olmur”. “Çörək tapıramsa, elə bayramdır” Bazarın içində göy-göyərti satanlar da, onlarla yanaşı piştaxtada durun Bığır narının satıcısı da alıcı azlığından narazıdır. Ancaq əhalini də qınaya bilmirlər. Deyirlər ki, bizdə yoxdursa, onlarda haradan olsun. “Nar azalıb. Ən bahası 4-5 manatdır, ən ucuzu 2 manat. Ötən il bundan 2-3 dəfə baha idi. İndi əhali ərzaqın, vacib qidaların ala bilmir. Narı necə alsın?. 65 yaşım var, nar satıb ailə dolandırıram. Çörəyimi tapıramsa, elə bayramdır”, – satıcı Vüsal Bayramov deyir. Digər satıcı Tağıyev Mübariz isə: “Göyərtinin üçünü bir manata satırıq. Heç sərf etmir, əziyyətinə dəymir. Əvvəlki alveri görmürük. Amma 6 manata pomidoru görəndə gəlib göyərti alırlar”, – deyə istehza ilə gülümsəyir. “Bu, yaşayış deyil, sürünməkdir…” Bu zaman bazarı tərk edən bir qadın sevincək dillənir: “Yaxşı ki, alverim 70 manatı keçmədi”. O, sevincinin səbəbini isə belə izah edir: “Bəzi meyvələri, ağartı məhsullarını, tərəvəzi özümüz yetişdiririk deyə çox alver etmədim. Olmayanlardan gücüm çatdığını götürdüm, 70 manat tutdu. Bahalıq var, əlacımız nədir, cibimizə uyğunu alırıq. Amma bu, yaşayış deyil, sürünməkdir”.