Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri olan şəhid anaları və xanımları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. Siam.az xəbər verir ki, görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Görüşdən sonra rayon rəhbəri qonaqlarla birlikdə Şıxarx qəsəbəsi ərazisində salınan “Vətən Bağı” şəhidlər parkına gedərək orada əkilən ağacların vəziyyəti ilə tanış olublar. Sonra Mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına və şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evinin yerində yaradılmış ev muzeyinə baxıblar.