Qarabağ kanalının sahilində yerləşməsinə baxmayaraq illərdir ki, Yevlaxın Kolanı kənd sakinləri əkin sahələrini subartezian quyularının imkanları hesabına suvarmaq məcburiyyətində qalırlar.
Yeniavaz.com xəbər verir ki, susuzluqdan əziyyət çəkən sakinlər su problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər.
Kənd sakinlərinin sözlərinə görə, subartezian quyuları kəndin 150 hektarlıq əkin sahəsini lazımi səviyyədə su ilə təmin etməyə imkan vermir. Bu da hər il ümumi məhsuldarlığı aşağı salır.
Kənd sakinləri narazılıqlarını dəfələrlə aidiyyatı qurumların diqqətinə çatdırıb. Ən son dövlət başçısına ünvanlanan müraciətdən sonra problemin bir dəfəlik həll edilməsinə qərar verilib.
Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılovun mətbuata verdiyi məlumata əsasən, ötən il Kolanı kəndinin Qarabağ kanalına bitişik hissəsində bir aqreqatlı nasos stansiyasının inşasına qərar verilib və smeta sənədləri hazırlanıb:
“Stansiyanın təzyiq boru xəttinin diametri 250 millimetr, uzunluğu isə 1200 metrdir. Nasos qurğusu Kolanının 150 hektarlıq əkin sahəsini daimi suvarma suyu ilə təmin edəcək”.
Ariz Mikayılovun sözlərinə görə, qarşıdakı iki ay ərzində tenderin yekunları məlum olacaq və kənd sakinlərinin illərdən bəri həsrətini çəkdiyi qurğunun inşasına başlanılacaq.