Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib

Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib
Martın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) Tərtər Rayon Şöbəsinin təşkilatçılığı ilə Umummill Lider Heydər Əliyevin 100 illik
yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Dövlət
Təhlükəsizlik Xidməti” mövzusunda tədbir keçirilib. Bu barədə Siam.az-a RİH-dən xəbər verilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini
ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. İştirakçılar əvvəlcə Ulu Öndərin
həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ümummilli Liderin 100 illik
yubileyi ilə bağlı təşkil olunmuş kitab sərgisinə baxıblar.
“Dəyirmi masa” ətrafında davam edən tədbirdə Ulu öndərin, ölkəmizin ərazi bütövlüyü
uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən
qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik
Xidmətinin rayon şöbəsinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib,
onlara uzun ömür, cansağlığı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında Müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması yolunda şərəfli
fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Rayon rəhbəri bildirib ki, zəngin və şərəfli ömür yolu milli təhlükəsizlik orqanları ilə sıx
bağlı olmuş Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis
edilməsi haqqında" sərəncamı ilə 28 mart hər il Dövlət Təhlükəsizlik Xidmətinin
əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

İcra başçısının çıxışında qeyd olunub ki, xalqa və dövlətə sədaqətlə xidmət edən, milli
maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi
əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında
əzmkarlıq nümayiş etdirən Dövlət təhlükəsizlik orqanlarının ölkəmizdə sabitliyin,
qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri var. O,
müstəqil Azərbaycanın dövlət təhlükəsizliyinin etibarlı təminatçısı olan dövlət orqanıdır.

Azərbaycan Respublikasının Dövlət təhlükəsizlik orqanları ağır, çətin və şərəfli yol
keçmişdir.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir
zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilmiş, 1953-cü ildə əks-
kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1964-cü ildə Azərbaycan SSR
Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin
edilmişdir. Fəxarət doğuran haldır ki, ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu
yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.

Ümummilli lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışmış, milli ruhlu,
vətənpərvər insanları repressiyalardan qorumuş, təhlükəsizlik orqanlarının
milliləşdirilməsinə çalışmışdır. Ulu öndər burada leytenantdan general rütbəsinədək,
əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək şərəfli yol keçmişdir.

Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək
professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi
yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini
qazanmışdır. Ulu öndər bu orqanda yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat
tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib
hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmişdir. Heydər Əliyevin iştirakı
ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas",
"Axito", "Naturalist", "İzuver" və bu qəbildən olan digər əməliyyat tədbirləri bu gün nəinki
Azərbaycanın, digər ölkələrin də xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq
nümunəsi olaraq tədris olunur və öyrənilir.

Azərbaycanın xüsusi xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli
kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva,
Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə
prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.
Heydər Əliyev təhlükəsizlik orqanlarında elə bir iz, elə bir irs qoymuşdur ki, bu, bütöv bir
məktəbə çevrilmişdir. Bu məktəbin əsasını millilik, vətənpərvərlik, peşəkarlıq,
prinsipiallıq və tələbkarlıq təşkil edir.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev
çıxış edərək, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramları münasibəti
ilə təbrik edib. O, öz çıxışında bildirib ki, təsadüfi deyil ki, müstəqil Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizlik Xidməti işçilərinin hər bir əməkdaşı mənalı və
zəngin həyatının 25 ildən artıq bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş Ulu
Öndər Heydər Əliyevi özünün əbədi və fəxri rəhbəri sayır.

Təhlükəsizlik orqanları üçün peşəkar milli kadrların hazırlanması məsələsinə xüsusi
diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev hələ 1998-ci il dekabrın 1-də Milli
Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam
imzalamışdır. Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası son
illərdə yeni inkişaf yoluna istiqamət almış, burada irimiqyaslı quruculuq və abadlıq işləri
aparılmış, genişmiqyaslı tikinti-inşaat planlarına start verilmişdir.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində
Akademiya Avropa standartlarına tam cavab verən, müasir infrastruktura malik təhsil
müəssisəsinə çevrilmişdir. 2005-ci il dekabrın 20-də Azərbaycan Prezidenti İlham
Əliyevin fərmanı ilə Akademiyaya ulu öndər Heydər Əliyevin adının verilməsi bu hərbi ali
təhsil ocağının tarixində ən unudulmaz anlardan biridir.

Akademiyada Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış "Şöhrət" muzeyi
də dövlət və xalq qarşısındakı misilsiz xidmətləri olmuş Heydər Əliyevin zəngin və
mənalı həyatının, titanik fəaliyyətinin əbədiləşdirilməsi işinə daha bir ehtiram əlaməti
olmuşdur.

Bu gün Ulu Öndərin siyasi kursu onun ən layiqli davamçısı, respublika Prezidenti cənab
İlham Əliyev tərəfindən davam etdirilir. 2003-cü ilin oktyabrından cənab İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət məhz milli dövlətçiliyin
möhkəmləndirilməsinə və dövlət təhlükəsizliyinin daha səfərbər təminatına xidmət
edir. Azərbaycan Prezidentinin dövlət təhlükəsizliyinin təmin olunması ilə bağlı bizə
verdiyi göstəriş və tövsiyələr məhz milli maraqların, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatı baxımından dini, siyasi ekstremizmə, təcavüzkar separatçılığa,
narkotiklərin, psixotrop, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsinə,
insan alverinə, beynəlxalq terrorçuluq kimi qlobal təhlükələrə qarşı effektiv mübarizə
tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir.

Respublika prezidenti Dövlət Təhlükəsizlik orqanlarının fəaliyyətini həmişə yüksək
qiymətləndirir, "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah,
sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır,
təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi
funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən
şərəflə gəlir",-deyir.

Tədbirdə çıxış edən Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov,
rayon məhkəməsinin sədri Tahir Qubadov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar
Quluyev, Tərtər hərbi prokuroru Emin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi  Elşən Abdullayev,  YAP rayon
təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş
İdarəsinin rəisi Qədir Babayev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə
bayramları münasibəti ilə təbrik edib, Ulu Öndərin Dövlət Təhlükəsizlik Xidməti
orqanlarının fəaliyyətinə həmişə diqqət və qayğı göstərdiyini qeyd ediblər.

Rayon icra hakimiyyəti tərəfindən DTX-nin Tərtər Rayon Şöbəsinin və Hərbi Əks
Kəşfiyyat Baş İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar təqdim
olunub.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx
nümayiş etdirilib.

Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib
Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib
Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib
Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə tədbir keçirilib


Tarix: 28-03-2023, 17:26
Xəbəri paylaş





Xəbər lenti