Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.
Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.
Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”
Təvəkkül Abdullayev 11 nəfər ailə üzvünün və işçi qüvvəsinin hazırda dolanışıqsız qaldığını vurğulayıb: “Məni aldatdılar, yoxsa özüm icarəyə torpaq götürüb mal-qaramı saxlayardım. Heç nədən bütün heyvanlarım tələf oldu. İcra Hakimiyyətinə gələrək mal-qaramı dövlətə təhvil vermək istədiyimi bildirəndə məni az qala həbs etdirəcəkdilər. Problemimlə bağlı başçıya dəfələrlə qapıda yaxınlaşaraq sözümü deməyə çalışmışam. Mal-qaramın tələf olduğunu demək istəyəndə məni təbliğat aparmaqda günahlandırıb. İcra Hakimiyyətinin şöbə müdiri olan Mərdan Nəhmətov isə yaxın qohumum olsa da, uzun illərdir onunla danışmıram. Hələ hərbi komissar işlədiyi vaxtlarda rüşvətxor kimi tanınıb. Mən İsmayıllıda Baş prokurorun da qəbulunda olmuşam, təsərrüfatımı məhv etdikləri haqda məlumat vermişəm. Hələ nəticəsi yoxdur. Heç olmasa 11 nəfər ailə üzvümü dolandırmaq üçün iş istəyirəm”.
Digər şikayətçi, Şamaxı rayon Həmiyəli kənd sakini Rahid Xəlilov isə rayondakı özbaşınalıqlar və hərc-mərclik haqda fikirlərini bölüşüb: “Rayonda hər bir sahədə rüşvətxorluq tüğyan edir. İcra başçısının Mərdan Nəhmətovla birgə qanunsuzluqları pik həddədir. Əvvəllər Şamaxıda səhiyyə şöbəsinin müdiri olan, lakin işində yol verdiyi nöqsanlara görə vəzifəsini itirən Ehtiram Rüstəmzadə adlı şəxs hazırda icra başçısı ilə qohumluq və yaxınlıq əlaqələri sayəsində humanitar şöbədə aparıcı məsləhətçi təyin edilib. Amma özü Bakıda oturub və bir gün də olsa işə gəlməyib. Bu şəxs Bakıda əyləşərək icra başçısı üçün pul toplamaqla məşğuldur. Hələ Şamaxıya Tahir Məmmədov kimi analoqu olmayan icra başçısı gəlməyib. Bu şəxs vəzifəyə təyin olunanda özü ilə bərabər 3 nəfər kassir gətirmişdi. Onlardan Yaqub adlı şəxs ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri idi və bu sektorda ayrı-ayrı fərdləri işə düzəltmək üçün pul alırdı. Bibisinin həyat yoldaşı olan Akif adlı şəxs isə şəhərin abadlaşdırılmasına nəzarət edirdi və bu sahədə pulları mənimsəyirdi. Araz adlı digər şəxs isə ev tikmək istəyənlərdən pul toplayırdı. İndi isə Tahir Məmmədov özünə Mərdan Nəhmətovu yeni “kassir” təyin edib. Mərdan isə öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə məşğuldur. Üstəlik saxta diplom alıb.
P.S. Əldə etdiyimiz son məlumatlara görə, rayon rəhbərliyi müxtəlif vədlər və şirnikləndirici təkliflər verməklə ortada olan fakt və iddiaları təkzib etmək üçün çirkin oyunlar qurmağı planlaşdırır, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Cənablar, bu, keçməyəcək. Dövləti aldatmaq sizə müyəssər olmayacaq. Yeri gəlmişkən, İcra Hakimiyyətilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənglərinmizə cavab verən olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 30-03-2023, 23:21