Tovuzun icra hakimiyyətinin əməkdaşı qanunsuzluqdan şikayətçidir
Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsində mühəndis işləyən Vəliyeva Hicran Talıb qızı qanunsuz olaraq işdən kənarlaşdırılmaq istədiyini deyir.
Rayon icra hakimiyyətinin başçısına rəsmi məktub ünvanlayan məmur onun bir surətini də Gununsesi.info-nun elektron poçtuna yollayıb.Hicran Vəliyevanın müraciətini olduğu kimi təqdim edirik:Mən ali təhsilli inşaat mühəndisiyəm. Tovuz rayon inzibati ərazi dairəsi üzrə nümayəndə Yaşar İbrahimov əmək məcəlləsini pozaraq, heç bir əsas olmadan mənə yazılı töhmət elan edib. Töhmət elan edilərkən bunun qanunsuz olduğunu, məndən izahat tələb olunmadığını bildirmişəm və buna sərt etiraz etmişəm.
Həmçinin, tənbeh aldığım Mart ayı ərzində tabel cədvəlini gizlədərək, mənim tabel cədvəlinə imza atmağıma maneə yaratmış və əmək qanunvericiliyinə zidd olaraq, vəzifə səlahiyyətlərini aşaraq aylıq əmək haqqımın ödənilməsinə maneə yaratmışdır. Buna qədər, Tovuz şəhər inzibati ərazi dairəsində işlədiyim 8 il ərzində öz vəzifəmi yerinə yetirmişəm və heç bir intizam tənbehi və ya xəbərdarlıq almamışam.
Tovuz şəhər inzibati ərazi dairəsi nümayəndəsi Yaşar İbrahimovun əsas məqsədi mənə təyziq edərək qanunsuz işdən azad olunmama əsas yaratmaqdır. Bu məsələdə mənə köməklik göstərmənizi xahiş edirəm.
Hörmətlə,
Hicran Vəliyeva
Tovuz şəhər inzibati ərazi dairəsində,
Mühəndis
Tarix: 4-04-2023, 12:23