Rayon rəhbərinin Xoruzlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə 
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri 
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən 
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında 
aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş 
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Xoruzlu kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, 
təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, 
bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan öncə rayon rəhbəri kənddə torpaqlarımızım ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub. 
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı 
altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş 
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa 
olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə 
rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə dövlət 
tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə 
Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin 
diqqət mərkəzində olduğunu bildirib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə 
məlumat verilib.
Bildirilib ki, Xoruzlu  kəndinin 950 hektar ərazisi, 338 təsərrüfatı, 1831 nəfər əhalisi var. 
Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 6 
ticarət, 6 iaşə və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və 
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 651 baş iribuynuzlu, 1230 baş xırdabuynuzlu heyvan, 5510 baş quş, 12 arı 
ailəsi saxlayırlar.
Xoruzlu kəndində son üç ildə 3 km kəndarası yol cari təmir olunub, əkin sahələrinə 
gedən su arxları 4,5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 350 ədəd müxtəlif 
növ ağac, 2800 ədəd çəkil tingi əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-
səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra 
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini 
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən 
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha 
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına 
ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Mayıl Alışov kəndin elektrik xətlərinin kabelləşməsi, Nazilə 
Həsənova qızının işlə təmin olunması, Gülxar Məmmədova kəntdə bankomat və million 
aparatlarının quraşdırılması, Fəqan Orucov oğlunun işlə təmin olunması, Afayət 
Şirinova əkin sahəsinə gedən su arxının təmizlənməsi ilə bağlı müraciət ediblər. 
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon 
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 6-04-2023, 17:39
Xəbəri paylaş





Xəbər lenti