Tərtər Rayon İcra Hakimiyyəti rayon Təhsil Sektoru ilə birlikdə Xoruzlu kənd tam
orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nikah və onların fəsadları”
mövzusunda tədbir keçiribTədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının rəhbərləri, rayon Təhsil Sektorunun müdiri, YAP rayon təşkilatının
sədri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
bildirib ki, mövcud qanunlara əsasən respublikamızda 18 yaşını tamamlamayan hər bir
şəxs uşaq sayılır və 18 yaşdan aşağı həyata keçirilən nikah erkən nikah hesab olunur
və qanun pozuntusu sayılır. Çünki erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji
cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra
böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-
uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara
qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən
ailələrdə daha çox rast gəlinir.
Qeyd olunub ki, dövlətimizin inkişafını istəməyən xarici qüvvələr tərəfindən ölkədə
gənclər arasında radikal dini cərəyanların yayılması hallarına cəhd olunur və dövlətimiz
tərəfindən bu cəhdlərin qarşısı istənilən halda alınır. Lakin təəssüflər olsun ki, təhsildən
kənarda qalan gənclərimizdən bəziləri belə təbliğatın təsiri altına düşür, bu isə sonda
acı nəticələrə-narkomaniya və erkən nigah kimi problemlərə gətirib çıxarır.
Rayon rəhbəri narkomaniya, dini radikalizm, erkən nikah və onların doğurduğu
fəsadların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli
olması və nəticə verməsi üçün maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər
arasında aparılmasının kifayət olmadığını bildirib. Çünki, bu haqda məktəbliyə nə qədər
yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona
görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin
nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün
məlumatlar çatdırılmasının vacibliyini qeyd edib.
İcra başçısı bildirib ki, narkomaniya, dini radikalizm, erkən nikah və onların doğurduğu
fəsadların qarşısının alınması üşün ən başlıcası təhsilə önəm verilməlidir. Bu isə
ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin məsuliyyətini artırır, məktəblərdə
çalışan psixoloqlardan hər bir şagirdə fərdi yanaşma tələb olunur, mütəmadi olaraq
valideyn komitələri məktəbin psixoloqu ilə birlikdə məktəblilərin ailələrində olmalı,
onlarla maarifləndirmə işlərini gücləndirməlidirlər.
Rayon prokuroru Əli Qurbanov, Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev
narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, dini radikalizm və
erkən nikahın cəmiyyətdə törətdiyi bəlalardan danışaraq, məktəbliləri, gəncləri və bütün
tədbir iştirakçılarını narkomaniyaya, dini radikalizmə, erkən nikaha qarşı mübarizədə
fəal olmağa çağırıblar.
Çıxışlarda qeyd olunub ki, erkən nikah cəmiyyətin bəlasıdır, fiziki sağlamlığı tam
mənada formalaşmayan gənc qızların erkən nikahlara məcbur edilməsi gələcək ailə
həyatında problemlərin yaranmasına, onların həm fiziki, həm də mənəvi cəhətdən
zəifləməsinə gətirib çıxarır. Hər bir kəsin ailə qurmağa haqqı vardır, lakin insan fərd
olaraq fizioloji və bioloji baxımdan tam inkişaf etməlidir. Çıxışçılar mövzunun
əhəmiyyətindən, narkotik, dini radikaliz və erkən nikahın gənclərə, ailələrə, bütövlükdə
cəmiyyətə vurduğu zərərdən, bu problemlərin aradan qaldırılması yolları haqqında
danışıblar. Bildiriblər ki, bu kimi hallara zəmin yaradan əsas səbəblərdən birincisi
təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını
məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha, dini radikalizmə və
narkomaniyaya yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə
tədbirlərinin aparılması zəruridir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tarix: 6-04-2023, 17:48