Unutmamışıq, 2020-ci ilin payızında baş vermiş və torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən 44 günlük Vətən müharibəsində düşmən tərəfindən Bərdə şəhərinə də bir neçə raket atılmışdı. Hadisə nəticəsində 21 nəfər həyatını itirmiş, 70 nəfər də yaralanmışdı. Düşmən hücumu zamanı hədəf alınmış yerlər də bəlli olmuşdu: Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhər Poliklinikası, Yanğınsöndürmə Xidməti, Diaqnostika Mərkəzi, doqquzmərtəbəli yaşayış binası və şəhərin “Təzə Bazar” adlanan ərazisi. Ancaq sən demə, Bərdənin “Təzə Bazar”ının düşmıni erməıni deyilmiş, elə bazar rəhbərliyinin səhlənkarlığı, vəzifəsinin öhdəsindən gələ bilməməsi imiş. Bu, 2021-ci ilin may ayının 26-da həmin bazarda baş vermiş yanğından sonra bəlli oldu. Lakin ötən müddət ərzində “Təzə Bazar” rəhbərliyi yanğın təhlükəsizliyinin təmini istiqamətində heç bir əhəmiyyətli iş görməyib. 6-7 aydır ki, sabiq rəhbəri əvəzləyən yeni “bazarkom” da qabaqlayıcı tədbir almayıb. Bu azmış kimi, guya yanğına səbəb ola biləcək elektrik naqillərinin istifadəsini məhdudlaşdırmaq üçün mağazaların hər sırasında 5-6 ədəd elktrik generatorları quraşdırılıb. Halbuki, generatorların benzinlə işlədiyini nəzərə alsaq, bunun daha böyük, özü də partlayışla müşayiət oluna biləcək yanğın təhlükəsi vəd etdiyi şübhəsizdir. Bundan başqa sıraların arası fövqəladə hal zamanı yanğınsöndürən maşının içəri keçib işləyə biləcəyinə yetəcək qədər geniş deyildir. Dükanların içində spirallı kustar elektrik plitələrində çay qaynadılır, xörək bişirilir. Odsöndürən balonları, yanğınsöndürmə şlanqları, vedrə, bel və kürək, ling kimi avadanlıq və alətlər, qum yoxdur. Ona görə də gələcəkdə daha güclü yanğının baş verməsi istisna olunmur. Görünən odur ki, “Təzə Bazar”ın təzə müdiri öz sələfinin səhvlərini təkrar edir. Qeyd edək ki, Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Təzə Bazar” hüquqi şəxs “Ticarət Mərkəzi” MMC-yə məxsusdur. Burada yanğından mühafizə işinin qeyri-qənaətbəxş olması yeganə nöqsan deyildir. Bazarda qida təhlükəsizliyi sahəsində gigiyena tələblərinə dair qaydalara da əməl edilmir. Belə ki, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qüvvədə olan normativlərə cavab vermir, mənşəyi məlum olmayan müxtəlif növ məhsullar satışa çıxarılır, eləcə də müvafiq təmizlik işləri həyata keçirilmir, işçilər sanitar geyimlə təmin edilmir, ilkin və dövri olaraq tibbi müayinədən keçirilmirlər. Yağı yağanda bazarın içində palçıqdan yerimək olmur, xırda ticarətçilər süd-qatığı, tərəvəzi, göyərtini elə yerdəcə, palçığa bulaşmış vəziyyətdə satırlar. Toyuq-cücə elə oradaca kəsilir və natəmiz vannalarda tükləri yolunur… Bazar rəhbərliyi yalnız ticarətçilərdən yer pulu yığmaq işini yüksək səviyyədə həyata keçirir, lakin ödənişi təsdiqləyən qəbz verilmir. Əgər yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmırsa, bəs onda yığılan pullar nəyə xərclənir? ARANTV.AZ