Bələdiyyə torpaqlarının idarə edilməsinin , bələdiyyələrin özü kimi, icra hakimiyyət(lər)inin müstəsna “hüquq”larından olmasını bilməyən yoxdur. Bir ölkədə ki bələdiyyə sədri icra başçısına “rüsum” qarşılığında “seçilə” , hansı özünüidarəetmədən danışmaq olar? Onda qala, bələdiyyə torpaqlarının idarəetməsi ola? ! Hələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanının qanunvericiliyin tələblərindən xəbərsizliyini, torpağın icra hakimiyyətinə verilməsini bələdiyyənin müstəsna hüququ kimi sırımasını demirik. Heydər Əliyev fondunun sosial proqramlarından, aztəminatlı ailələrin, əlil, qazi, şəhid ailələrinə diqqət və qayğısından hamı bilgilidir. Ölkədə o məktəb, o uşaq bağçası yoxdur ki, Fondun vəsaiti ilə yenidən tikilməsin , bərpa olunmasın. Elə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial təminatları ilə bağlı da layihələri gerçəkləşdirməkdə Heydər Əliyev fondunun xidməti misilsizdir. Nə yazıq, icra hakimiyyəti orqanları sosial layihələrdən də şəxsi maraqları naminə yarararlanırlar. Ağsuda olduğu kimi. Torpaq hüququ “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunvericilik aktları ilə doğrulanan mülkiyyət hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu hüquqa qadağa qoyula bilməz. Torpaq uğrunda savaşda əlil və şəhid olanların isə bu hüquqdan , necə deyərlər, ikiqat, əlavə güzəştlə yararlanmaları da qanunla doğrulanıb. İndi təsəvvür edin, Ağsu rayonu, Pirhəsənli kəndinin yeganə zabit 1-ci dərəcəli Qarabağ əlilinin nəinki ikiqat torpaq hüququ təmin olunub, əksinə, istifadəsində olan torpaq sahəsi də RİH başçısının, Pirhəsənli kənd icra nümayəndəliyinin və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadəsinin qurbanına çevrilib. Ağsu RİH bu boyda rayonda uşaq bağçası tikməyə yer “tapmayıb” , Pirhəsənli kəndinin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpağını özünün uşaq bağçası biznesinə ayırıb. Özbaşınalığa, qanunsuzluğa, qərəzə, şərəfsizliyə baxın, torpaq uğrunda canını qoyan qaziyə nəinki torpaq hüququ tanınır, hətta istifadəsində olan torpaq da şəxsi bizneslərinə, Göyçay regional ədliyyə idarəsinin sədri Elnur Əsədovun bildirdiyi kimi, müstəsna hüquq kimi ayrılır! (?) Özü də Heydər Əliyev fondunun vəsaiti hesabına. Xəbər verdiyimiz kimi, sözügedən bağça biznesi çöküb. Nədən 60 yerlik uşaq bağçasına verməyə bir nəfər də olsun uşaq tapılmır . Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, “bu kənddə heç yerli – dibli uşaq olmayıb”. Milli Məclis sədrinin göstərişi ilə Ağsu prokurorluğuna göndərilən 1-ci dərəcəli Qarabağ qazisinin şikayətinin araşdırılması prokurorluqdan Göyçay regional ədliyyə idarəsinə, oradan da Pirhəsənli bələdiyyəsinə yönləndirilib. Bələdiyyə də 05.04.2023-ci ildə ədliyyə idarəsinə bildirib ki, kəndin yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpaq hüququ olmayıb, yoxdur və olmayacaq. Çünki bələdiyyə “müstəsna hüququndan” yararlanıb, torpaq sahəsini icra başçısının 60 yerlik uşaq bağçası biznesinə ayırıb. Bu biznes çöksə də, torpağın yiyəsi yenə icra başçısıdır. Azərbaycan Respublikasında icra başçılarının torpaq mülkiyyəti hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur .Qarabağ qazisinin hüquqsuzluğu kimi ... Məğrur Bədəlsoy