Ekspert: “Layihələndirmə ilə bağlı 1 ildə 2 müqavilə imzalanıb” "Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında Gəncə şəhərində İdman sarayının tikilməsi də yer alıb. Ancaq 2023-cü ilə qədər tikilməli olan saray hələ ki, hazır deyil.
Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında yazıb.
İdman sarayının tikintisinin həyata keçirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.
“Yalnız 2020-ci ilin aprel ayında “Başak Proje və Dizayn” MMC şirkəti ilə İdman sarayının layihələndirilməsinə dair müqavilə imzalanıb. 2020-ci ilin iyununda prezident İlham Əliyev İdman sarayının tikintisinin davam etdirilməsi üçün İcra Hakimiyyətinə 3.8 milyon manat vəsait ayırdı. Sentyabrda isə şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə Gəncə İdman sarayının tikintisinə dair dəyəri 1.8 milyon manat olan ilk müqaviləni imzaladı”.
İqtisadçı deyir ki, bütün bunlardan sonra, 2021-ci ilin aprelində eyni şirkətlə layihələndirməyə dair ikinci müqavilə imzalanıb.
Rəsmi məlumatlardan aydın olur ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Başak Proje və Dizayn” MMC arasında layihələndirmə işlərinə görə ümumilikdə 818 milyon 400 manatlıq müqavilə imzalanıb.
Bu iş üzrə “Rövşən Oğuz Qrup” MMC ilə dəyəri 70 milyon 863 min manat olan 7 müqavilə imzalanıb.
“Müqavilə imzalanarkən istifadə olunan satınalma üsulu isə “Bir mənbədən satınalma” idi. Ya bu şirkət həmin xidmətlər üzərində xüsusi hüquqlara malik idi, ya da tələbat təcili idi. İdman sarayının tikintisi xüsusi bacarıq və spesifikasiya tələb edirmi? Hər bir halda layihənin başlamasından 6 il və 70 milyon manat keçsə də, İdman sarayının tikintisi hələ də davam edir” - Toğrul Vəliyev bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətindən Abzas Media-ya bildiriblər ki, məsələ ilə bağlı məlumatlı şəxslər Heydər Əliyevin ildönümü ilə bağlı tədbirdə olduqlarına görə, hazırda sualları cavablandıra bilmirlər.