Tərtərdə Vətən müharibəsi şəhidi Qəhramanlı Yaqubun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Şəhidin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Yaqub kimi oğullarının unudulmadığını bildirib.
Qeyd olunub ki, şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda və Dövlət Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhrəmanlı 29.05.2022-ci il tarixdə şəhadətə qovuşub. Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Yaqub Qəhrəmanlının 2 yaşlı bir oğlu yadigar qalıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!