İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək – QALMAQALLI TENDER

İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək – QALMAQALLI TENDER
İmişli Rayon İcra Hakimiyyətinin “İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmir işləri” ilə bağlı mayın 5-də başladığı tenderin nəticələrini və qalibini bu gün açıqlayıb.

SİAM.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 583 min 971 manat olan tenderin qalibi “Orion-E” MMC (VÖEN - 5500006411) seçilib.

Yaxın vaxtlarda aralarında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət İmişli şəhərinin İslam Bayramov küçəsinin əsaslı təmiri üçün ilk növbədə 195 kubmetr sahədə asfalt-beton örtüyünün sökülməsi, sonra isə çalovunun tutumu 0,5 kubmetr olan ekskavatorlarla qruntun qazılaraq 420 tonluq özüboşaldan “Kamaz” yük avtomobillərinə yüklənərək 5 km məsafədə daşınması həyata keçirəcək.

Bundan başqa, həmin küçədə 520 kubmetr sahədə əsasların döşənək və hamarlayıcı qatının qurulması, 1.3 tonluq bitum mulsiyalarının hazırlanması, 2600 kv-metr sahədə sıx xırda-dənəvər ABV tipli qaynar asfalt-beton qatışığından qalınlığı 6 sm olan örtüyün qurulması, daş materiallarının döşənməsi işləri görüləcək.

Cəmaləddin küçəsində 180 kubmetr sahədə əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, 0,5 tonluq bitum emusiyalarının hazırlanması, 900 kv-metr sahədə sıx xırda-dənəvər ABV tipli qaynar asfalt-beton qatışığından qalınlığı 6 sm olan örtüyün qurulması, daş materiallarının döşənməsi işləri görüləcək.

Eyni təmir işləri şəhərin Mirzə Sadıqcan, Qamət Əliyev, Əliağa Vahid, Rövşən Bağırov, Nəriman Nərimanov, Qadir İsmayılzadə, İzəddin Həsənoğlu, Ziyad Şükürov, Həzi Aslanov və Tofiq İsmayılov küçələrində davam etdiriləcək.

Şirkətin sahibi kimdir?

Qeyd edək ki, "Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 130 min 030 manat olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

MC-nin adı yarandığı ilk günlərdən qalmaqallı tenderlərdə hallandırılır. Belə ki, sözügedən şirkət İmişli Rayon İcra Hakimiyyətinin müsabiqələrində qalib olub. 2020-ci il ərzində bu rayonda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 898 min 579 manat məbləğində 9 tender keçirilib.

İcra hakimiyyəti 3 tenderə 1 milyon 268 min 545 manat xərcləyib. İmişli RİH-nin keçirdiyi hər 3 tenderin qalibi "Orion-E" MMC olub.

Yeni icra başçısının da sevimli şirkətinə çevrilən MMC bir zamanlar hazırda həbsdə olan Vilyam Hacıyevin də əsas tərəfdaşı olub. Bu məsələ ilə bağlı yerli KİV-də yayılan məlumatlara görə, şirkətin İmişlidəki Asfalt Zavodunun direktoru Şükür Astanov Vilyam Hacıyevin bir sıra layihələrində iştirakçı olub.

O, "Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub. 2020-ci ildə mediada gedən məlumatlarda, 6 saylı regional yol istismar idarəsinin müdiri ilə yanaşı, "Orion-E” MMC-nin sahibi kimi təqdim edilir. Onun özünün də MMC-nin rəhbəri kimi açıqlamaları var.

Niyə məhz "Orion-E” MMC qalib olur?

2021-ci ilin noyabr ayında mediada gedən məlumatlarda, Şükür Astanovun Bəhrəmtəpə yolunda dəyəri 500 min manat olan iki mərtəbəli "Qonaq Evi” tikdirdiyi də yayılıb.

Dövlət Vergi Xidmətinin məlumatlarından görünür ki, 14 avqust 2020-ci ildə şirkətdə dəyişiklik edilib. Güman ki, bu tarixdən Mürsəl Qasımov şirkətin qanuni təmsilçisinə çevrilib. Bununla belə, MMC-nin Şükür Astanovun nəzarətində olduğu deyilir.

2021-ci ilin avqustunda isə İmişli Rayon İcra Hakimiyyəti ilə "Orion-E” MMC arasında “İmişlidə avtomobil yollarının təmiri” üçün 574 min 196 manatlıq satınalma müqaviləsi imzalayıb.

Bundan başqa, İmişli RİH-nin nəzdində fəaliyyət göstərən İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi də 2021-ci ilin avqustunda "Orion-E” MMC ilə İmişli şəhərində yerləşən bir sıra yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi üçün maliyyə dəyəri 62 min 557 manat təşkil edən satınalma müqaviləsi bağlayıb.

İmişli RİH 2022-ci ildə də abadlıq və təmir işlərinə 2 milyon manata yaxın vəsait xərcləyib və bu məqsədlə 5 satınalma müqaviləsi imzalayıb. Onlardan ikisi də "Orion-E” MMC ilə bağlanılıb.

Bunlardan biri İmişli rayonunun kəndlərində “ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələri yaşayan kənddaxili avtomobil yollarının əsaslı təmiri” üçün olub və dəyəri 560 min 441 manat, ikincisi isə “İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmiri işləri” ilə bağlı olub və dəyəri 589 min 412 manat təşkil edib.

İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək
İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək


Tarix: 9-06-2023, 22:45
Xəbəri paylaş





Xəbər lenti