Tərtər Rayon İcra Hakimiyyətində yüksək balla ali məktəblərə daxil olan gənclərlə görüş keçirilib
Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Məmmədov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəb direktorları və məzunlar iştirak ediblər. Bu barədə yerli RİH-dən xəbər verilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb. Rayon rəhbəri onlara təhsil aldıqları ali məktəblərdən həmişə rayonumuza, ailələrinə xoş soraqlarının gəlməsini diləyib. Sonra icra başçısı respublika prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, ölkə başçısının və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində Respublikamızda tikilən və təmir olunan ümumtəhsil məktəbləri millətin gələcəyi olan təhsilimizdə ürəkaçan nailiyyətlərin əldə olunmasına imkan verir. Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təkcə pedaqoji kollektivlər tərəfindən deyil, bütün xalqımız tərəfindən razılıq hissi ilə qarşılanır. Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ötən il rayonumuzun Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bu tədris ilində isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilir. Artıq həmin məktəblərdə təhsil alan şagirdlər daha geniş, işiqli, bütün avadanlıqlar ilə tam təchiz olunmuş sinif otaqlarında dərs keçəcəklər. Əlavə olaraq bildirdi ki, Təhsil Nazirliyinin xətti ilə şəhər 3 nömrəli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində cari təmir işləri aparılmışdır. Tərtər rayonunda təhsilə, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə bu tribunadan möhtərəm cənab prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayonumuzun sakinləri adından öz minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Bu il rayonumuzda orta məktəbi bitirən 646 məzundan 408 nəfəri ali təhsil məktəblərinə sənəd verib. Onlardan 267 nəfəri ali məktəbə daxil olub. 148 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. 2 nəfər 600-dən yuxarı, 13 nəfər 500-dən yuxarı bal toplayıb. 5 nəfər isə Naxçıvanski adına liseyə qəbul olub. IX sinfi bitirən məzunlardan isə 168 nəfər orta ixtisas məktəbinə sənəd verib və onlardan 148 nəfəri uğur qazanıb. Qeyd olunub ki, artıq yeni dərs ilinə bir gün qalır. Mən inanıram ki, 2023- 2024-cü tədris ilində daha inamla çalışacaq, milli təhsilimizə öz töhfənizi verəcəksiniz. Rayon rəhbəri çıxışının sonunda bir daha tələbə adını yenicə almış gənclərimizi və bütün müəllimlərimizi yeni dərs ili münasibətilə təbrik edərək, onlara təhsildə uğurlar diləyib. Sonra Tərtər Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Məmmədov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik ediblər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən yüksək bal toplayan məzunlara pul mükafatları, hədiyyələr və Fəxri Fərmanlar təqdim olunub. Bu ilki qəbulun nəticələrinə görə yüksək nəticə göstərmiş məktəblərin kollektivlərinə isə rayon icra hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamələr verilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.