Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə
əlaqədar şəhid Abbaslı Elnurun Köçərli kəndində yaşayan ailəsini ziyarət edib,
onların qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin
məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin
gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
İcra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları
onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən
müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan
əsgərinin qanı, canı bahasına əldə edilib.
Qeyd olunub ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər
rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr
ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən
sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə
ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad
olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!
Tarix: 23-09-2023, 13:25