İcra Hakimiyyətindən Rasilə Arifqızı ilə bağlı açıqlama: Vəzifəyə təyin olunub?



Ötən gün Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini Rasilə Arifqızının yeni vəzifəyə təyin olunması barədə xəbər vermişdik. Belə ki, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavinin Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat aldığı bildirilirdi. Bu isə sosial mediada ciddi narazlıqlara və tənqidlərə səbəb olmuşdu.

Məsələ ilə bağlı açıqlama yayan Lənkəran İcra Hakimiyyəti xəbəri təkzib edib:

"Lənkəran icra başçısının sabiq müavini Rasilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda sözügedən vəzifə vakantdır”.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Tarix: 26-09-2023, 15:54
Xəbəri paylaş





Xəbər lenti