Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya etdilər



Tərtərdə 27 sentyabr-Anım Günü ilə bağlı şəhərin Elman Səfərov küçəsində yerləşən 
Sahib İsmayılova məxsus 44 günlük Vətən müharibəsində erməni separatçıları 
tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən 
ev muzeyinə sakinlərin ekskursiyası keçırılib. 

Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli 
Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon 
təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə 
veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin 
ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub. 
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 
bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası 
Prezidenti cənab  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis 
edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi 
bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin 
ehtiramın ifadəsidir.
Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o 
cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən 
uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. 
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə 
qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, 
bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, 
düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında 
aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə 
cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, 
yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, 
əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər 
Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Hamınıza yaxşı məlumdur ki, 44 günlük Vətən müharibəsində dövlət rəsmilərinin dediyi 
kimi  “Tərtər Ermənistan nasizminə qarşı Azərbaycanın Stalinqradı olub”.
44 gün ərzində Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə 16277 top, tank, qrad 
mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Həmin qadağan olunmuş 
raketlərdən biri - “Smerç” raketi bax bu gün ermənilərin mülkü insanlara qarşı törətdiyi 
terrorun nümunəsi kimi  açıq havada muzey kimi fəaliyyət göstərən Sahib İsmayılovun 
evinə düşmüş, gördüyünüz kimi ev tamamilə dağılmışdır. Bax, budur erməni vəhşılıyinin 
nümunəsi, dinc sakinlərə qarşı törədilən terror aktı.
Qeyd olunub ki, 44 gün ərzində rayonun infrastrukturuna güclü ziyan dəymiş, 12 
körpələr evi-uşaq bağçası, 16 umumtəhsil, 10 tibb, 7 mədəniyyət müəssisəsi, məscid və 
inzibati binalar, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evləri dağılmış, yaxud bu  
və digər formada zərər çəkmişdir.
Tərtər 44 günlük Vətən müharibəsində 46 hərbi,16 mülkü şəhid verib. 
Respublika Prezidentinin  Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz 
oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla 
yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, 
Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin 
ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə 
vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən 
şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin 
əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını 
diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə 
bağlı xalqa müraciətində bu barədə belə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ 
müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə 
rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza 
qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal 
həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik.
...Biz bu Qələbəyə görə onlara borcluyuq.
 ...Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü 
bərpa etdik. Biz işğala son qoyduq.”
Bildirilib ki, Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq erməni separatçıları öz 
çirkin əməllərinə son qoymurdular. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi 
ilə Qarabağda sentyabın 19-da  aparılan lokal antiterror əməliyyatları erməni 
separatizminin kökünü birdəfəlik  kəsməyə yönəldi və uğurlu oldu, ilahi ədalətin 
təntənəsinə çevrildi.
Ölkə rəhbərinin setyabrın 20-də Azərbaycan xalqına tarixi müraciəti oldu. Ali Baş 
Komandan dedi: “Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq 
olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. 
Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya 
tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ 
Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, 
hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə 
etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz 
qabağındadır.  “
Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Ermənistanın 2020-ci il 
sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 
altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi 
Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin 
- əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən 
müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını 
fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım 
Günü kimi qeyd olunur.
Məğlub olan düşmən yenə də təxribatlardan əl çəkmirdi. 19 sentyabr 2023-cü il tarixdə 
Ali Baş Komandan cənab  İlham Əliyevin  rəhbərliyi ilə aparılan lokal antiterror 
əməliyyatları erməni separatizminə birdəfəlik son qoydu. Bu gün tərk silah əməliyyatları 
aparılanda düşmənin nə qədər məkrli, hiyləgər olduğunun bir daha şahidi olduq. Onlar 
yollara mina basdırıb, körpüləri, evləri, hətta qəbristanlıqları belə silahla doldurublar.
Tədbirdə çıxış edən  Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif 
Əliyev, Vətən Müharibəsi qazisi Sadiq Abbaslı çıxış edərək öz ürək sözlərini bölüşüblər. 
Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə 
Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban 
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yeni 
yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, 44 günlük Vətən 
müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində 
dagılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə baxış keçiriblər.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına 
qovuşsunlar! 
Tarix: 27-09-2023, 23:25
Xəbəri paylaş





Xəbər lenti