Gəncə Azərbaycanın cəhənnəminə çevrilir - Ümumi və I yazı...

Yaxın günlərdə qısa bir müddət Gəncə şəhərində oldum. Bu müddət o qədər səmərəli keçdi ki, şəhərin vəziyyəti haqqında tam və müfəsssəl məlumatlar toplaya bildim. Ciddi müşahidələr apardım, ilk əvvəl özümə də inanılmaz gələn dəqiq məlumatlar əldə etdim. Müşahidələrim və əldə etdiyim statistik rəqəmlər məni Gəncə şəhəri ilə bağlı silsilə məqalələr dərc etməyə sövq etdi. Bəribaşdan deyim ki, Azərbaycanın ikinci paytaxtı hesab olunan, 340 mindən çox əhalisi olan Gəncə böyük təhlükə altındadır, şəhər reanimasion durumdadır və dövlətçilik ənənənələri, ideoloji iş, kadr siyasəti özünün süqut dövrünü yaşayır. Əhalinin sosial rifahından, təhsilin, səhiyyənin, infrastrukturun, turizmin, biznes mühitinin vəziyyətindən isə danışmağa dəyməz.
QISA ARAYIŞ: Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlı əhali arasında oturuşmuş bir fikir formalaşıb. Şəhər əhalisi hesab edir ki, icra başçısı yalnız günün birinci yarısı işdə olur, günü ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir.
Azərbaycanın ən strateji əraziləri siyahısında ilk yerlərdən birində qərarlaşan Gəncə şəhəri həm mərhum prezident Heydər Əliyevin və həm də Prezident İlham Əliyevin xüsusi diqqət dairəsində olub. Şəhərin ölkədaxili və qlobal əhəmiyyətinin artırılması istiqamətində Prezident İ.Əliyev kifayət qədər tapşırıq və göstərişlər verib. Amma sabiq icra başçısı Elmar Vəliyevin zamanında qalan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, hazırda Gəncədə baş verən açıq və gizli proseslər müsbət perspektivlər vəd etmir. Dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunub. Demək olar ki, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib.
Gəncə şəhəri müasir Azərbaycan tarixinin ən səs-küylü hadisələri ilə tarixin yaddaşına düşüb. Ötən əsrin 90-cı illərində Surət Hüseynovun qiyamı, 2018-ci ildə Gəncədə baş verən hadisələr və sabiq icra başçısı E.Vəliyevin güllələnməsi Gəncə şəhəri ilə bağlı tutarlı strategiyanın işlənib hazırlanmasını labüd edirdi. Müxtəlif dini cərəyanlara məxsus radikal qrupların və kriminal komandaların formalaşması bu gün də Gəncənin ən ağır və strateji problemi kimi vitrindədir.
Gəncədə nə baş verir?
- Narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb
- Dilənçilik bütün şəhəri bürüyüb
- Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanıb
- Kriminal aləmin nümayəndələri şəhərdə əsas söz sahiblərinə çevriliblər
- Ziyalılar şəhəri tərk edərək Bakıya köçürlər
- Binzesmenlər qorxudulur, vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edirlər
Sovet dövründə Gəncə şəhərində 150-dən çox istehsal müəssisələri fəaliyyət göstərirdi. Bu gün həmin müəssisələrin çox az bir qismi, onlar da insan əməyindən az istifadə olunmaqla, müasir texnologiya ilə öz fəaliyyətini davam etdirir. Gənclərin işsizlik problemi onların kriminal aləmə və radikal dini qruplaşmalara meyl etməsinin əsas səbəbi kimi hələ də öz aktuallığını saxlayır.
Ailələrin dağılması, boşanmaların artması geniş vüsət alıb və son 5 il ərzində dilənçiliyin səviyyəsi bir neçə dəfə artıb. Dilənçilər arasında qadınlar çoxluq təşkil edir, əvvəlki illərdən fərqli olaraq, dilənçiliyin yaş səviyyəsi çox aşağı düşüb və 5-8 yaş arası qız uşaqları küçələrdə, ticarət mərkəzlərinin, restoranların qarşısında fasiləsiz dilənirlər. Əgər əvvələr daha çox Yevlaxdan gələn qaraçılar dilənirdilərsə, indi ailəsi dağılmış qadınlar, təqaüd yaşına çatmış yaşlılar və əmək qabiliyyətli gənc qızlar dilənçilik edirlər.
İnsanların, xüsusilə, gənclərin məşğulluq problemlərinin həll edilməməsi, işsizliyin kütləvi hal alması onların radikal qruplaşmalara meyl etməsini təmin edən əsas faktordur.
Gəncə şəhərinin ziyalıları həmişə ölkənin mədəni, elmi, ictimai-siyasi həyatında aktiv rol oynayıblar. İndi şəhərdə ziyalı mühiti o qədər zəifləyib ki, onlar şəhərin həyatında heç bir rol ala bilmirlər. Diqqətsizlikdən əziyyət çəkən şəhər ziyalılarının təxminən 20%-i son 5-6 il ərzində Gəncəni tərk edərək, Bakıya köçüblər. N.Bayramov öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, daha çox layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. Heç şübhəsiz ki, belə olan halda şəhərdə dini radikalizm və kriminal durum daha da güclənmiş olur.
Gəncədə şəbəkələşmə və təşkilatlanma...
Gəncədə gənclərin işsizlikdən əziyyət çəkməsi, onların narkotik və spirtli içkilərin aludəçisinə çevrilməsi milli dövlətçiliyimiz üçün ciddi təhdidlər yaratmaqdadır. Müxtəlif radikal dini qrupların təsiri altına düşən bu gənclər başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Zamanında bu gənclərlə işləmək lazım idi. Bəlkə də Azərbaycanda çox həssas əhali kütləsinə sahib birinci şəhər Gəncədir. Gəncə müxtəlif ölkələrin dini təbliğatı üçün ən münbit ərazilərdən biridir, çünki burada oturuşmuş, dəyişilməyən zeyniyyət mövcuddur və kölə zehniyyəti aradan qaldırmaq üçün də gənclər arasında köklü heç bir iş görülməyib.
Məni tanıyanlar bilirlər ki, təriqərtçi deyiləm, amma təriqət məsələsi məqsədli şəkildə ortaya atılanda öz mövqeyimi ifadə etməyi də bacarıram. Məhz “suların bulandığı” məqamda mən əsil-kökümün qaynaqlandığı və qürur duyduğum şiə olduğumu həmişə üsyankar şəkildə ifadə etmişəm. Zaman-zaman başlanan məqsədli proseslərdə də öz qələmimi süngü etməkdən çəkinməmişəm, dindarlar, ilahiyyatçılar, alimlər, ictimai-siyasi xadimlər qaçıb gizlənəndə mən döyüşmüşəm, bunu hər kəs bilir.
Amma Gəncədə durum tamamilə fərqlidir. Burada Vətənə xəyanət, İrana casusluq var.
Hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın gizli servislərinə xidmət edən minlərlə gənc var. Əldə etdiyim məlumatlardan görünür ki, hazırda Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də, Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələki “yatmağa” üstünlük veriblər. Bu şəxslərə “İranın şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik.
Gəncədə daha bir təhlükə - Əhalinin dindar təbəqəsinin içində “Sunqurçu”ların təşəkkül tapmasıdır. “Nurçu”luğun bir qolu olan “sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək formalaşmağa başlayıblar.
Əvvəllər Azərbaycan Texnologiya Universiteti “Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə “nurçu”ların Fətullaha bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib.
Rayon rəhbərliyi baş verən bütün bu proseslərə nəzarət etmək iradəsinə sahib deyil.
Sahibkarlar isə qorxu altında yaşayır. Vergi məmurlarının sahibkarları qorxudaraq, onlardan əlavə vəsaitlər tələb etməsi və bu qanunsuz hərəkətləri işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə sərf olunacağını bəhanə gətirərək həyata keçirməsi Gəncə şəhərinin biznes mühitinin dəhşətli və qorxulu mənzərəsinin praktiki ifadəsidir.
P.S. Şəhərin biznes mühiti, səhiyyə və elm sahəsi, bərbad idarəetmə müxanizmləri, infrastrukturu haqqında ayrı-ayrılqıda məqalələrimizi oxuya biləcəksiniz...
Müəllif: Samir Feyruzov
Tarix: 10-10-2023, 18:10
Xəbəri paylaş





Xəbər lenti