Gəncədə sahibkarlara qarşı "kuryoz" təhdid - Əhalinin mülki müdafiəsi sual altındadır...

Gəncə şəhərindəki feodal idarəçilik sisteminin yaratdığı fəsadlarla bağlı əldə etdiyim məlumatlar və apardığım müşahidələr nəticəsində hazırladığım birinci məqalənin dərcindən bir həftə zaman ötür. Proseslər o qədər sürətlə cərəyan edir ki, bu müddət ərzində ölkədə mühüm tarixi hadisələr baş verib. Prezident İlham Əliyev Azərbaycan bayrağını Xankəndidə və işğaldan azad olunan digər ərazilərdə dalğalandırdı, bununla da, Azərbaycanın ərazi bötüvlüyü təmin edilmiş oldu. Bundan sonra Qarabağ da daxil olmaqla, ölkənin heç bir bölgəsi bərbad idarəçilik üsulu ilə Azərbaycanın ümumi inkişaf strategiyasına mane olmamalıdır. Təkcə coğrafi deyil, ideoloji birlik də təmin edilməlidir. Məhz belə bir şəraitdə Gəncə şəhərinin ideoloji, siyasi, iqtisadi-sosial cəhətdən axsaq və pataloji affekt durumda olması dövlətin təxirəsalınmaz tədbirlər həyata keçirməsini zəruri edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun 6 illik fəaliyyətinin təhlili onu deməyə əsas verir ki, bu müddət ərzində xroniki problemlər daha da dərinləşib, dövlət üçün yeni və daha təhlükəli “mina”lar basdırılıb. İcra başçısının merkantil fəaliyyət istiqamətləri şəhərdə radikal və kriminal qrupları mütəşəkkil halda şəkilləndirib, yeni cərəyanlar formalaşıb, gənclərin bütün perspektivləri sıfırlanıb və onlar cinayətkarlığa meylləniblər.
 
Sahibkarlar “Qarabağın bərpası” bəhanəs ilə necə qarət olunur?
 
Hazırda Gəncə şəhərində azad sahibkarlığa və sağlam biznes mühitinin formalaşmasına mane olan kifayət qədər problemlər mövcuddur. Onlardan ən başlıcası vergi məmurlarının sahibkarları qorxudaraq, onlardan əlavə vəsaitlər tələb etməsidir. Əlavə vəsaitlərin nə üçün tələb olunduğunu sorğulayan sahibkarlara isə belə cavab verilir: “Qarabağda azad edilən ərazilərdə quruculuq-bərpa işləri aparılır və vəsait ora sərf olunacaq...”.
 
Halbuki, Prezident İ.Əliyev bu ilin sentyabr ayının 29-da Zəngilanda keçirilən forumda II Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə büdcədən bu günə qədər 7 milyard dollar həcmində vəsait sərf edildiyini, növbəti il üçün 2,4 milyard dollar ayrılacağını və Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını bildirib. Xarici şirkətlərin də cəlb olunduğu bərpa proseslərini həyata keçirmək üçün Azərbaycanın imkanları böyükdür. O zaman fürsətcil məmurlar “Qarabağı bərpası”nı əsas tutaraq, sahibkarları niyə təhdid edirlər?!
 
Digər tərəfdən, Gəncə şəhərinin biznes mühitinə xarici investisiyalar cəlb edilmir, bu proses tamamilə tormozlanıb. Düzdür, xarici investiyalara aid iş yerləri var, amma bu yetərli deyil, işçilərinin sayı məhduddur. Məsələn, Türkiyəyə aid ticarət obyektlərinin dövriyyəsi çox aşağıdır.
 
Əhalinin alıcılıq qabiliyyəti o qədər aşağı düşüb ki, “Yeni Gəncə” yaşayış massivində yerləşən yarmarkanın 10%-i işlək haldadır. Şəhərdə onlarla mağaza öz fəaliyyətlərini tamamilə dayandırıb. Şəhərdə əsasən, icra başçısına, onun yaxınlarına, eləcə də ölkədə müxtəlif iri raqnlı məmurlara yaxın şəxslərin obyektlərinin işləməsinə şərait yaradılıb. Bu şəxslərə məxsus olan “təm-təraqlı”, şüşəli və yad elementlərlə zəngin iaşə obyektləri şəhərin qədim, tarixi və vizual görünüşünü təcavüzə məruz qoyub. Son 3 il ərzində Gürcüstanla quru sərhədlərin bağlı olması da əhalinin dolanışığını olduqca çətinləşdirib. Mühüm coğrafi mövqedə, nəqliyyat qovşağında yerləşən Gəncə istehsalat, ticarət baxımından ölkənin ən inkişaf etmiş şəhərləri sırasında ilk yerlərdən birində qərarlaşmalı idi. Təəssüf ki, belə deyil.
 
Gəncə şəhərində daxili tələbatı ödəmək qabiliyyətinə malik olan və ixracatyönümlü məhsullar istehsal edə biləcək müəssisələrin fəaliyyəti niyə bərpa olunmur? Məsələn, Çini qablar zavodu, Un zavdları, Gəncə qənnadı fabriki, Şərabçılıq müəssisələri ilə bağlı nə üçün heç bir iş görülmür? Pul qazanmağa hesablanan çay evlərinin, klubların, PUB-ların sayını günbəgün artıran şəhər rəhbərliyi nə üçün bu sahədə heç bir addım atmır?
 
Əhalinin qorunması, ailə institutlarının möhkəmlənməsi kimi strateji hədəflər tamamilə unudulub. Gəncədə mülki müdafiə sahəsində görülən işlər sıfırın altındadır. Əksər binaların zirzəmiləri nəhəng zibilxanalara çevrilib, illərin çirkab suları bu binaları bərbad hala salıb. Şəhər rəhbərliyi bu zirzəmilərin təmizlənməsi, insanların sağlamlığına təhlükə yaradan neqativ mənzərənin aradan qaldırılması üçün heç bir səy göstərmir.
 
Boşanmalar, ailə münaqişələri, cinayətkarlığın səviyyəsi pik həddə çatıb. Şəhərdə təhsilin səviyyəsinin aşağı düşməsi (bu haqda növbəti məqalədə) və milli-mənəvi dəyərlərin deqradasiyaya uğraması eyni rels üzərində xaotik şəkil alıb.
 
Gəncə şəhərinin idarə olunmasındakı nöqsanlar əhali arasında gərginliyi daha da artırır. Nəzərə almaq lazımdır ki, Gəncə əhalisi spesifik xüsusiyyətə malikdir. Bu baxımdan problemləri görməzdən gəlmək, ört-basdır etmək çıxış yolu deyil. Heç kəs məsuliyyətdən qaçmamalıdır, Gəncə şəhərindəki bu acınacaqlı duruma görə cavabdeh şəxs məhz N.Bayramovdur! Amma o, bütün bu problemlərin aradan qaldırılması üçün heç bir əzmkarlıq və təşəbbüs göstərmir, əksinə öz vaxtını şəxsi işlərinə, məclislərə sərf edir. Əhali öz problemlərini dilə gətirmək üçün icra başçısını yerində tapa bilmir, buna görə də insanlar bütün problemlərini ən aqressiv şəkildə çayxanalarda müzakirə edirlər. Azərbaycan qalib ölkədir və bu ölkənin ikinci paytaxtına səriştəsiz, dövlətin ideoloji prinsiplərinə və inkişaf strategiyasına xələl gətirən şəxslərin yetərsiz fəaliyyəti nəticəsində zərbə vurulmamalıdır.
 
Müəllif: Samir Feyruzov
Tarix: 17-10-2023, 16:50
Xəbəri paylaş





Xəbər lenti