Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Astara rayonunun Sərək kəndində 264 şagird üçün nəzərdə tutulan tam orta məktəbin tikintisi ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 648 949,27 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İsmayıllı Tikinti-27” ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tender elanlarından məlum olur ki, şirkət əsasən dövlət qurumlarının iri məbləğli müsabiqələrinin qalibi seçilir. Baxmayaraq ki, “İsmayıllı Tikinti-27” ASC qalmaqallı şirkət hesab edilir.
Məsələn, şirkətin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bu fakt yerli mediada da tirajlanıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, “İsmayıllı Tikinti-27” ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb.
Şirkətlə bağlı rüşvət qalmaqalı da yaddaşlardan silinməyib. Bu olay 2018-ci ildə baş verib. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Faiq Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirib.
“İsmayıllı Tikinti-27” ASC-nin 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tenderi də daxil ümumi maliyyə dəyəri 5 842 679, 48 AZN təşkil edən 5 satınalma müsabiqəsinin qalibi seçilib.