Şəhidin adını daşıyan məktəbdə qəribə olay: - Sentyabrda müəllimlərə məlum oldu ki...

Şəhidin adını daşıyan məktəbdə qəribə olay: -
Bərdə rayonunun Qaradəmirçi kəndində Şəhid Zöhrab Ələkbərov adına Laçın rayonu Aşağı Fərəcan kənd tam orta məktəbi heç bir səbəb göstərilmədən bağlanıb.

DİA.AZ xəbər verir ki, bu barədə məktəbin müəllimlərindən daxil olan məlumatda bildirilir.

“Təhsil ocağı bu ilin mayına qədər tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəb yay tətilinə görə bağlanıb, işçilər məzuniyyətə çıxdıqdan sonra direktor Etibar Nəbiyev valideynləri çağıraraq, məktəbin bağlandığını, uşaqların sənədlərini götürüb başqa məktəbə təqdim etməli olduqlarını deyib.

Sentyabrda məktəbə gələn müəllimlərə təhsil ocağının bağlandığı bildirilib, səbəbi isə izah olunmayıb. Məktəbin işçiləri Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun, icra başçısı Aqil Nəzərlinin qəbuluna getsələr də, nəticə olmayıb. Hətta Nicat Həsənov iş tələb edib hay-küy qaldırmamaları barədə onları hədələyib”, - məlumatda deyilir.

Məktəbdə 2 şəhid ailəsi və Xocalıdan olan 2 məcbur köçkün olmaqla, ümumilikdə 30-a yaxın müəllim və texniki işçi çalışıb.

Məlumatda qeyd olunur ki, məktəbin adını daşıyan şəhidin xanımı Yasəmən İsmayılova və digər müəllimlər adından dəfələrlə aidiyyəti yerlərə müraciət edilsə də, məsələ öz həllini tapmayıb.

Teleqraf.com məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Sorğumuz hələlik cavablandırılmayıb.
Tarix: 1-11-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti