Bərdədəki məcburi köçkün şəhərciyinə verilən su istifadəyə yararsızdır? (VİDEO)
Bərdədəki məcburi köçkün şəhərciyində mənzillərə verilən su istifadəyə yararsız çıxıldığı deyilir. Sakinlər iddia ediblər ki, Qarabağ su kanalından götürülən texniki su onlara içməli su kimi verilir.
Su kanalının natəmiz olması və ölmüş heyvanların oraya atılması bu sudan istifadəni təhlükəli edir. Bu kanalın suyundan 1400-dən çox ailə içməli su kimi istifadə edir.
Sakinlər bildiriblər ki, su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Bu səbəbdən insanlar digər ərazilərdən icməli su gətirirlər.
Onlar qeyd ediblər ki, 5 və 7 mərtəbəli binaların yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsi ilə verilir. 10 il öncə istifadəyə verilən şəhərciyin sakinlərinin sözlərinə görə, çoxmərtəbəli binalara verilən su içmək üçün yox, suvarma üçün yararlıdır.
Sakinlər üzləşdikləri problemlə bağlı dəfələrlə Bərdə Su və Kanalizasiya İdarəsinə və digər dövlət qurumlarına müraciət etdiklərini bildiriblər. Amma bu günə qədər sakinlərin müraciətinə müsbət cavab verilməyib.
Məsələ ilə bağlı Bərdə rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sakinlərin qaldırdıqları problem həqiqətə uyğun deyil:
"Qarabağ su kanalından götürülən su ən son avadanlıqlarla təchiz edilmiş xüsusi filtirlərdən keçərək təmizlənir. Sonra həmin su anbara yığılır. Anbarda suyun keyfiyyətini artırmaq üçün xüsusi maddələr vurulur. Bundan sonra əhaliyə içməli su verilir. Yəni məcburi köçkün şəhərciyinə verilən içməli suyun keyfiyyətinə hec bir problem yoxdur”.