Göyçaya səfərimiz 4 illik fasilədən sonra yenidən təşkil edilən nar festivalında iştirak etmək məqsədi daşıyırdı. Amma bayram əhvalına heç uyuşmayan məktəb binası təsadüfən diqqətimizi cəlb etdi və sözün əsl mənasında uçmaq təhlükəsi qarşında olan məktəblə yaxından tanış olmaq qərarına gəldik. Üzərindəki lövhə olmasaydı buranın məktəb olduğunu, bu uçuq binada hələ da təhsil verildiyini təxmin etməzdik. Qorxu filmlərindəki vahiməli məkanları andıran bina uzaqdan diqqətimizi çəkmişdi. Siam.az xəbər verir ki, Sfera.az-ın reportyor qrupu dərhal fəaliyyətə keçib və öyrənib ki... Heydər Əliyev prospektində yerləşən 9 № li tam orta məktəb 1964-cü ilin sentyabr ayında Göyçay şəhər 1 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayıb. 1991-ci ildə məktəbin adı dəyişdirilərək Göyçay şəhər 9 № li tam orta məktəb adlandırılıb. Məktəb fəaliyyətə başladığı dövrdə 1200 şagird üçün nəzərdə tutulsa da, hazırda məktəbdə 400-ə yaxın şagird təhsil alır, çox böyük potensialı olan məktəbin binası əsaslı təmir edilmədiyindən hazırda dağılmaq və uçmaq təhlükəsi qarşısındadır. Məktəbin sinifləri çox bərbad, damı yararsız vəziyyətdədir. Buna görə yağış suları otaqlara axır, siçovul və həşəratlar siniflərə dolur. Hətta siçovul şagirdlərdən birinin paltarına daxil olaraq ona xəsarət yetirib. Divarlarda quşlar yuva qurub. Binanın üçüncü mərtəbəsi isə təmamilə istifadəyə yararsızdır. Təhlükənin miqyası o qədər böyükdür ki, məktəbin üçüncü mərtəbəsində dərs keçilmir, buradan anbar kimi istifadə edirlər. Qırıq pəncərələr sellofanla örtülüb, taxta qapılarda və döşəmədə hər an xəsarətə səbəb ola biləcək mismarlar var. Fotoqrafımız Anar Bayramlı həmin mismarlardan yayınmaq üçün kənara çəkilərkən yıxılmaqdan son anda qurtuldu. Amma burada hər gün dərslər keçirilir, azyaşlı şagirdlər hər gün təhlükələrlə bol olan bu binaya daxil olmaq məcburiyyətindədir. İsitmə sistemi işləmədiyi üçün XXI əsrdə Göyçay şəhərinin mərkəzində fəaliyyət göstərən məktəbin sinif otaqları odunla qızdırılır. Dəhlizlərdə işıq yoxdur. Məktəbin idman zalı isə digər məktəblərin anbarı kimi istifadə olunur.
Bu səbəblərdən də valideynlər övladlarını yaşadıqları ərazidən uzaq, şagird sıxlığı yüksək olan məktəblərə göndərməyə məcbur olurlar. Bu, həm valideynlər üçün maddi itkiyə, həm də şagirdlər üçün vaxt itkisinə səbəb olur, nəticədə isə minlərlə şagird təhsildə geriləyir. 80-ə yaxın pedoqoji kollektiv də bu cür çətin və şəraitsiz məktəbdə fəaliyyət göstərir. Həm məktəb rəhbərliyi, həm də valideynlər təmirlə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət edib. 2023-cü il 18 sentyabr tarixində Göyçay şəhər 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılmasından sonra növbənin 9 № li tam orta məktəbə çatacağı deyilirdi. Lakin hələ də binanın nə vaxt təmir olunacağı barədə məlumat yoxdur. Şagirdlər isə müharibə dağıntılarını xatırladan bu tikilidə təhsil almağa çalışır və günün birində onların məktəbləri ilə bağlı da sevindirici qərarın veriləcəyini gözləyirlər. Bəs, Elm və Təhsil Nazirliyi nəyi gözləyir? Vaxt yetişməyibmi?