...Təbii ki, bu yazının başlığı tənqidi ruhu aşılasa da, məqsədimiz İsmayıllıda baş verən və tarixi bağlantılarımızın, mədəniyyət abidələrimizin məhv edilməsinin qarşısının alınmasına çağırış etmək, məsul dövlət qurumlarına SOS siqnalı verməkdir...
Beləliklə, İsmayıllıdan "Təzadlar"a daxil olan növbəti şikayət yenə də şəxsi məqsəd və niyyətdən uzaqdır, Azərbaycanın tarixinə və mədəni irsinə düşmən kəsilənlərə qarşı mübarizə məqsədlidir! Axı zaman- zaman görürük ki, əlinə fürsət düşən kimi tarixi düşmənimiz ermənilər Azərbaycana məxsus tarixi irsi saxtalaşdırıb öz adına çıxır... Bizim isə, üzü qara olmuş bəziləri, məqsədli şəkildə tarixi irsimizi, mədəniyyət abidələrimizi məhv edirlər. Bunun qarşısı alınmalı, günahkarlar cəzalandırılmalıdır... XXX Daxil olan şikayətlə bağlı "Təzadlar"ın əməkdaşları tariximizin nişanələrini dağıdanların izi ilə istirahət günlərində İsmayıllıda oldular... Bu barədə geniş reportaj veriləcək, eləcə də baş verənlərə İsmayıllının nüfuzlu ziyalılarının mövqeyi öyrəniləcək, fakta münasibətləri ortaya qoyulacaq. Lakin necə ola bilər ki, Azərbaycan MEA- nın, Mədəniyyət Nazirliyinin tarixi abidələrimizə cavabdeh olan yerli qurumlarının başı üzərindən bəzi nadan düşüncəli qızılaxtaranlar tariximizin bir parçası olan mədəni irs nümunələrimizi məhv edirlər? Bu necə ola bilər axı?!
Təqdim etdiyimiz fotoşəkilləri İsmayıllı rayonunun Lahıc qəsəbəsi yaxınlığında olan tarixi abidələrin ətrafından qeydə almışıq. Məlum olur ki, əraziləri nəzarətsiz görən qızılaxtaranlar tərəfindən bu abidələr darmadağın edilib... Bu yaxınlarda isə analoji hal rayonun Sulut, Gəndob və bəzi digər kəndləri ərazisində də baş verib.
Bir daha sözümüz AMEA Prezidenti cənab İsa Həbibbəyliyə və mədəniyyət naziri cənab Adil Kərimliyədir: çox hörmətli nazir, hörmətli AMEA Prezidenti, biz jurnalistlər ərazidə olanda bir daha gördük ki, aidiyyəti qrumlar, o cümlədən İsmayıllının yerli qrumları və bu sahəyə məsul şəxslər bütün bunlardan məlumatlı və xəbərdardırlar. Lakin bunları bilə-bilə niyə səslərini çıxarmırlar? Bilmirik, bəlkə heç bu tarixi abidə və mədəni irs nümunələrimizdın xəbərləri yoxdur!? Əgər belədirsə, onda daha pis!
Xahişimiz budur ki, təcili tədbirlər görülsün. Eləcə də Mədəniyyət Nazirliyinin, AMEA- nın Tarix İnstitutunun, həmçinin Ağrxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərləri niyə susurlar? Onlarda bu abidələr barədə doğrudanmı məlumat yoxdur? Yoxdursa, ünvanını və son halını nişan verdik... Xilas etmək, dağıntıların qarşısını almaq, günahkarları, yəni o "goreşən" qızılaxtaranları tapıb cəzalandırmaq isə cavabdeh Dövlət qurumlarının vəzifəsidir...
Mənbə: "Təzadlar" Təqdim etdi: SİAM.AZ
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...