Şabran rayonunda NATƏMİZLİK: Zibillər daşınmır, üfunət iyi... - Sakinlər narazıdır...
Şabran rayonu, Şəhriyar küçəsi yaxud 3 sotlar adlanan ərazidə antisanitar vəziyyət yaranıb. Belə ki, sözügedən ərazidə zibilxanalara atılan zibillər vaxtında daşınmır və üfunət iyindən ərazidən keçmək olmur. Məsələ ilə bağlı saytımıza şikayət daxil olub.
Şabran rayon sakini Həmidova Könül Sonxeber.az-a müraciətində bildirib ki, atılan zibillər daşınmaq əvəzinə yandırılır və üfunət qoxusundan əraziyə sahibsiz itlər dadanıb:
"Bizim yaşadığımız məhəllə 3 sotlar məhəlləsi adlanır. Orada zibilxana var. Zibilxananı vaxtlı-vaxtında təmizləmirlər. Zibilxananın iyi evlərə dolur. Üfunət iyindən ərazidən keçmək olmur. Pəncərəni yay vaxtı aça bilmirik. İyə görə pəncərəni bağlı saxlayırıq. Zibilliklərə görə sahibsiz itlər çoxalıb. Burada uşaqlar var. Vaxtında zibillər təmizlənsə orada sahibsiz itlər olmaz".
Həmidova Könülün sözlərinə görə, ərazidə nəinki zibillərin təmizlənməsi, küçələrin işıqlandırılmasına belə nəzarət etmirlər:
"Niyə belə hərəkət edirlər. Vaxtında zibillər daşınsa nə sahibsiz itlər, nə də üfunət iyi olar. Özlərinə əziyyət olmasın deyə zibilləri yandırırlar və iy evlərə dolur. Bu nə hərəkətdi anlamıram. Şikayət edəndə yalandan aldadırlar. Xahiş edirəm şikayətimi nəzərə alın".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.