Naxçıvanda on kilometrlə boru xətti və dəmiryolu relsi sökülərək İrana satılıb – KƏRƏM MUSTAFAYEVİN QARDAŞININ ADI HALLANAN ŞOK
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Cəhri kəndinin əkin sahələrini su ilə təmin etmək üçün SSRİ dönəmində qurulan suvarma sisteminin məhv edildiyi haqda “Hürriyyət”də dəfələrlə yazmışıq. Qeyd etmşdik ki, Vasif Talıbovin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dönəmdə su boruları kəsilərək daşındığından, Cəhri sakinləri illərdir öz əkin sahələrini suvara bilmirlər.
Redaksiyamızla əlaqə saxlayan sakinlər deyir ki, Talıbovun “xanlığı dönəmində” nəinki Cəhrinin suvarma sistemi, digər kanallar, eləcə də dəmiryol xətləri də sökülərək İrana satılıb. Oxucularımız buna misal olaraq Şərur rayonunun Aralıq kəndindən Naxçıvan şəhərinə qədər olan “Aralıq suyu” deyilən su boru xəttini göstərir. Bildirilir ki, 70 km-dən artıq kanalın boru xətləri sökülərək, İrana daşınıb.
Ən maraqlısı isə odur ki, bu məsələdə yaxın günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsindən azad olunan Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin adı hallanır. İddia olunur ki, boru xəttini Nemət Mustafaeyevin göstərişi və hərbi hissənin vəsaiti hesabına doğrayıb daşıyıblar. Burada N.Mustafayevlə yanaşı, polkovnik Əli Əsədov və İran vətəndaşı olan Yusif adlı şəxsin də adı hallanır. İddia olunur ki, sökülən boru xətləri iranlı Yusif vasitəsilə qonşu ölkəyə - İrana aparılaraq, orada satılıb.
Bundan əlavə, məlum “üçlüyün” – Nemət Mustafayev, Əli Əsədov və iranlı Yusifin Başbaşı kəndindən (Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə, cənub-qərbdə yerləşir – red.) Duzdağa qədər olan dəmir yolu xəttini də sökərək, bütün relsləri İrana satdıqları vurğulanır.
Mənbə deyir ki, vaxtilə Duzdağ dəmiryolu vasitəsilə Naxçıvana, buradan isə respublikanın digər ərazilərinə duz daşınırdır. Hazırda həmin xətdən əsər-əlamət belə, yoxdur.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 14-07-2024, 12:07