İcra başçısı Şəhid anasının yas mərasimində - FOTO
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Sarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hacıyev Eldəniz Fərrux oğlunun anası Hacıyeva Ayaz Qara qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib. Qeyd edək ki, şəhid Hacıyev Eldəniz Fərrux oğlu 1973-cü il aprel ayının 13-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət "Azərbaycan" kolxozunda sıravi kolxozçu işləmiş və 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. SSRİ dağıldıqdan sonra hərbi xidmətdən yarımçıq qayıdaraq "Tərtər özünümüdafiə batalyonu”nda xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci ilin oktyabr ayının 18-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Sarov kənd qəbiristanlığında dəfn edilib. Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.