Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”... - Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”... -
Haqqında saysız-hesabsız şikayətlər olan “Dinamik Ocean” şirkəti Neftçala sakinlərinin yaxalarını qurtara bilmədikləri kabusuna çevrilib.

Yenicag.az xəbər verir ki, sözügedən şirkət vətəndaşların çətin durumundan istifadə edib onları aldadaraq müqavilə bağlayıb, sonra isə öhdəliklərinin heç birini yerinə yetirməyib.

Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara baxdıqda “tək adamlıq” “Dinamik Ocean” şirkətinin qanuni təmsilçisinin Abdullayev Tərlan Tahir oğlu olduğu anlaşılır. Maraqlısı isə budur ki, sakinlərə verilən qəbzlərdə qeyd edilən 050-272-66-33 “qaynar xətt”inə müraciət etdikdə dəstəyi qaldıran “operator” da şirkətin qanuni təmsilçisi olan Tərlan Abdullayevdir.

İnsanların şikayətlərini cavabsız qoyan Tərlan Abdullayev bununla da yetinməyərək vətəndaşları təhqir edir, şəxsiyyətlərini alçaldır. “Day-dayı”lı orta-statistik “işbaz” olduğu anlaşılan Tərlan Abdullayev arxasında dayanan şəxslərə güvənərək daha da irəli gedir, vətəndaşları şantaj və təhdid edir.

Neftçala sakinlərinin sözlərinə görə, onları aldadaraq quraşdırdıqları su təmizləmə qurğuları heç bir işə yarmır, əksinə, suyun keyfiyyətini daha da aşağı salır. Bununla yanaşı, aparat insanlara daha baha qiymətə satılıb. Şirkətin “qaynar xətt”inə zəng edərək bütün bunları dilə gətirən vətəndaşlar isə təhqir, təhdid və şantajla qarşılaşırlar.

Tərlan Abdullayev özünə və ya arxasında duran şəxslərə o qədər güvənir ki, hətta ölkənin məhkəmə və hüquq mühafizə orqanlarını barmağında oynatdığını da gizlətmir. Məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək istəyən vətəndaşların önünü kəsərək bu işdən onların zərərli çıxacağı, məhkəmənin şirkətin lehinə qərar verəcəyi, hətta məhkəmə xərclərini də şikayətçinin boynuna qoyacağı ilə bağlı təhdidlər səsləndirir.

Dəfələrlə mətbuatda adı gedən, saysız şikayətlərin obyekti olan “Dinamik Ocean” şirkəti hər şeyə qulaqlarını qapayaraq yenə də öz dələduzluq əməlləri ilə məşğuldur. Şirkət nümayəndəsinin vətəndaşlara söylədiklərindən belə anlaşılır ki, Neftçala, Slayan və Yardımlı bölgələrində onlara “at oynatmağa” xüsusi icazə verilib. Hər halda, vətəndaşlar pozulan istehlakçı hüquqlarının bərpası və şirkətin qanunsuz əməllərinin ifşası üçün artıq gərəkli tədbirləri alacaqlarını bildirirlər.
Tarix: 17-08-2024, 18:09
Xəbəri paylaş





Xəbər lenti