Şəhid analarını etiraz aksiyasına sövq edirlər - Gəncədə NARAZILIQ
Gəncə “İmamzadə” ziyarətgahına verilən elektrik enerjisinin kəsilməsi yerli sakinlər və zəvvarlar tərəfindən narazılıqla qarşılanır.
Reyting.az-ın əldə etdiyi məlumata görə, artıq neçə gündür “İmamzadə” ziyarətgahı zülmətə qərq olub. Buna səbəb elektrik enerjisi borcudur.
Borcun yaranma səbəblərinə gəldikə, bu, təkcə ziyarətgaha sərf edilən enerjiyə görə deyil. Əsas səbəblərdən biri də ətraf küçələrin işıqlandırılması üçün istifadə edilən enerjinin də ziyarətgahın hesabına olmasıdır. Yəni “İmamzadə”nin ətraf küçələrinin işıqlandırılması ziyarətgahın hesabına olduğu üçün borc yaranır. Ziyarətgah rəhbərliyi bir müddət əvvəl bu problemi həll edə bilsə də, yəni ətraf küçələrin işıqlandırılmasını kompleksin balansından çıxartdırsa da, aidiyyəti qurum əvvəldən buna görə yaranmış borcu silməkdən imtina edir.
Nəticə isə göz qabağındadır - ziyarətgah zülmətə qərq olur, bu, həm ətraf bölgələrdən gələn zəvvarlar, həm də Gəncədəki şəhid anaları və inanclı insanların etirazı ilə qarşılanır.
Yerli sakinlər bildirirlər ki, Gəncədəki müvafiq qurumların problemin həllinə laqeyd yanaşması narazılıqları daha da artırır. Hətta problemin həlli üçün şəhid analarına və digər inanclı insanlara Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyasının keçirilməsini təklif edənlər də var.
Xatırladaq ki, avqustun 26-da bir qrup şəhid anası problemin həlli üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Onlar bildirirlər ki, Mehriban Əliyeva həm “İmamzadə” ziyarətgahının yenidən qurulması və bərpasından sonra, həm də digər vaxtlarda bu müqəddəs məkanı ziyarətə gəlir. Şəhid anaları M. Əliyevanın doğum günündə ziyarətgaha verilən elektrik enerjisinin kəsilməsini birmənalı qarşılamırlar.
Onu da qeyd edək ki, “İmamzadə” kompleksindən elektrik enerjisinə görə yaranmış borcun məbləğini açıqlamayıblar.