Qarabağ münaqişəsinin həlli yolu: Amerika bunları təklif edir

Qarabağ münaqişəsinin həlli yolu: Amerika bunları təklif edir Oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda brifinq keçirilib.

Tədbir Helsinki Komissiyası adı ilə də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası tərəfindən təşkil edilib.

Avropa və Mərkəzi Asiya üzrə “Beynəlxalq antiböhran qrupu” proqramının direktoru Maqdalena Qrono, Kentukki Universitetinin diplomatiya və münaqişələrin tənzimlənməsi üzrə professoru, 1999-2001-ci illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Kerri Kavano, Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev i partnyorı” hüquq firmasının siyasət məsələləri üzrə tərəfdaşı və böyük məsləhətçisi, 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik brifinqdə çıxış ediblər.


Tədbirdə iştirakçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ATƏT-in Minsk qrupu vasitəsilə aparılan sülh danışıqlarının spesifikası, 2016-cı ildə baş vermiş dördgünlük aprel müharibəsi və münaqişənin tənzimlənməsi ilə bağlı ABŞ-ın siyasəti barədə danışıblar.

Moderator Aleks Tiyerski tədbiri açaraq Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış vəziyyət və ATƏT-in bu münaqişənin tənzimlənməsində vasitəçilik rolundan danışıb.

Sonra çıxış edən Maqdalena Krono qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu dünyanın ən çox hərbiləşdirilmiş regionlarından biridir. Münaqişənin eskalasiyası tammiqyaslı müharibə həddinə çata və potensial baxımdan regiondakı ölkələri və digər ölkələri də bu müharibəyə cəlb edə bilər. O deyib ki, Minsk qrupunun həmsədrlər üçlüyü 1997-ci ildən danışıqlar prosesində fəal iştirak edir.

Qarabağ münaqişəsinin həlli yolu: Amerika bunları təklif edir

Beynəlxalq antiböhran qrupunun nümayəndəsinin çıxışında Ermənistan qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılmasının tələb edildiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də qeyd olunub. Bildirilib ki, Azərbaycan üçün status-kvo qəbuledilməzdir və rəsmi Bakı artıq bir neçə ildir öz hərbi potensialını artırır.

Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olan Ermənistanın da aşağı tariflər üzrə silah aldığı diqqətə çatdırılıb. M.Krono vurğulayıb ki, silahlı münaqişənin potensial baxımdan eskalasiyası çox böyük humanitar nəticələrə gətirib çıxara bilər.

Səfir Kerri Kavano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq çoxdan bəri “dondurulmuş” münaqişə deyil. Son illərdə tərəflərin bu münaqişənin tənzimlənməsinə dair mövqeləri daha güzəştsiz olub, regiona çoxlu sayda silahların gətirilməsi vəziyyəti daha mürəkkəbləşdirir, əməliyyatları şiddətlənə bilər. Münaqişənin tənzimlənməsi ilə bağlı Ki-Uestdə və Kazanda xeyli irəliləyiş əldə edilsə də, səylər nəticəsiz oldu.

Sonra çıxış edən səfir Ceyms Uorlik qeyd edib ki, tərəflər münaqişənin tənzimlənməsinə dair mövqelərindən çox da uzaqlaşmayıblar.

Qarabağ münaqişəsinin həlli yolu: Amerika bunları təklif edir

Səfir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərini müzakirə edərkən 2014-cü ilin mayında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi Karneginin Beynəlxalq Sülh Fondunda özünün nitqinə istinad edib. O deyib ki, bu nizamlanmanın əsasını BMT-nin Nizamnaməsi və müvafiq sənədlər, habelə Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Brifinqdə Azərbaycan və Ermənistan səfirliklərinin, analitik mərkəzlərin və ABŞ konqresmenlərinin ofislərinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından qovulub. 1993-c ü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyası 62/243 nömrəli qətnamə qəbul edərək beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində əks olunmuş mövqeyini bir daha təsdiq edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilik orqanları BMT-nin həmin qətnamələrini əsas götürərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər. (AzərTAc)
Tarix: 19-10-2017, 14:50
Xəbəri paylaş





Xəbər lenti