ABŞ-ın yeni “küçə inqilabları” ssenarisi
Elxan Şahinoğlu: “Saakaşvili ABŞ-dakı siyasi mərkəzlərinin razılığını almasaydı, Poroşenkonun istefasını qətiyyətlə tələb etməzdi”
Son günlərdə Ukraynada vəziyyət yenidən gərginləşib. Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya zorla gəlişindən sonra keçən müddət ərzində baş verən hadisələr ən kritik həddə çatıb. Belə ki, oktyabrın 17-dən etibarən Saakaşvilinin tərəfdarları oturaq aksiya keçirirlər. Onlar parlamentin buraxılmasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Tələblər yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.Siyasi şərhçilər Avropadan Ukraynaya zorla gəldikdən sonra başlanan proseslərin arxasında Qərbin əlinin olduğunu iddia edirlər. Bir müddətdir digər ölkələrdə inqilablar həyata keçirməyə ara verən ABŞ-ın artıq hərəkətə gəldiyi, Saakaşvilinin əli ilə ikinci “Qızılgül inqilab”nı (ilk dəfə 2003-cü ildə Gürcüstanda baş verib, Eduard Şevardnadze hakimiyyətdən uzaqlaşdırılıb, yerinə Saakaşvili gəlib) ssenarisini həyata keçirmək niyyətinin olduğu deyilir. Amerikanın təkcə Ukrayna ilə bu prosesləri bitirməyəcəyi və digər ölkələrdə də “küçə inqilabları” ssenarisini həyata keçirmək üçün cəhdlər edəcəyi qeyd olunur. Bu sırada göz önünə Rusiya və Azərbaycan gəlir. Çünki gələn ilin martında şimal qonşumuzda, oktyabrda isə ölkəmizdə prezident seçkiləri keçiriləcək.
Politoloq Elxan Şahinoğlu Ukraynada cərəyan edən proseslərdə əsas niyyətin prezidentin istefasına nail olmaq olduğunu qeyd etdi: “Kiyevdə parlament binası qarşısındakı mitinqin bir neçə məqsədi var. Mitinqi təşkil edən Saakaşvili deputat toxunulmazlığının ortadan qaldırılmasını və antikorrupsiya qanununun qəbulunu tələb edir. Ancaq hiss olunur ki, Saakaşvilini və ona birbaşa və kənardan dəstəkləyən qüvvələr prezident Petro Poroşenkonun istefasına nail olmaq istəyirlər. İddialar var ki, Mixail Saakaşvilinin arxasında Poroşenkonun gələcək prezident seçkisindəki əsas rəqibi Yuliya Timoşenko və oliqarx İqor Kolomoyski dayanır. Maraqlıdır ki, Saakaşvili Poroşenkonun komandasında olanda Kolomoyski və Gürcüstanın keçmiş prezident az qala düşmən idilər. İndi isə prezidentə qarşı müxalifətçilik hər iki şəxsi bir-birinə yaxınlaşdırıb. Saakaşvilinin Poroşenkoya qarşı indiki radikal çıxışları Ukraynanı növbəti inqilab dalğasına sürükləyə bilər ki, bu Rusiyanın xeyrinə olacaq. Moskvanın Saakaşvilini görməyə gözü olmasa da, Gürcüstanın keçmiş prezidentinin hazırkı radikal tələbləri Kremlin maraqlarına cavab verir. Ukraynanın hazırkı prezidentinin iki çıxış yolu var, ancaq hər iki yol Poroşenko üçün müəyyən risklər vəd edir. Poroşenko üçün birinci çıxış yolu daxili işlər naziri Arsen Avakovdan mitinqi və parlamentin qarşısında qurulan çadırları dağıtmağı istəməsi ola bilər. Ancaq bu halda toqquşmalar və itkilər də olacaq. Digər tərəfdən, Avakovun prezidentin əmrini yerinə yetirib-yetirməyəcəyi də bəlli deyil. Çünki Ukraynanın hazırkı erməni əsilli daxili işlər naziri heç də Poroşenkonun güclənməsini istəmir. İkisi arasında gizli narazılıq var. Avakovun Timoşenkoya simpatiyası var. Elə bu ikili keçmişdə müttəfiq olublar. Prezident üçün ikinci çıxış yolu mitinqin öz-özünə dağılmasını gözləməkdir. Yəni Poroşenko heç nə etmədən gözləmə mövqeyinə keçə bilər. Ancaq hadisələrin bu istiqamətdə inkişafı da Poroşenkoya yaxşı heç nə vəd etmir. Mitinq dağıdılmasa, xalqın müəyyən hissəsinin onlara dəstəyi arta bilər. Hazırkı vəziyyətdə Petro Poroşenko Vaşinqtondan dəstək gözləyəcək. Ancaq Vaşinqton neytral mövqedən çıxış edir, Ukraynada qanuni hakimiyyəti qətiyyətlə müdafiə etmir. Bu o deməkdir ki, parlament qarşısında mitinq keçirən qüvvələr Vaşinqtondakı müəyyən mərkəzlərdən dəstək alırlar. Fikrimcə, Saakaşvili özü də ABŞ-dakı siyasi mərkəzlərin razılığını almasaydı, Poroşenkonun istefasını qətiyyətlə tələb etməzdi. Barak Obama administrasiyası Poroşenkoya hərtərəfli dəstək verirdi. İndiki Amerika administrasiyasının isə belə bir dərdi yoxdur və Vaşinqtonun Poroşenkoya dəstəyi getdikcə azalır. Təsadüfi deyil ki, Tramp Poroşenkonu Ağ Evdə cəmi bir neçə dəqiqəliyinə qəbul etdi və birgə mətbuat konfransı keçirmədi. Poroşenko məcbur qalıb Ağ Evdən bir neçə metr kənarda jurnalistlərin suallarına cavab verdi”.
Politoloq Amerikanın yenidən “küçə inqilabları” etmək, o cümlədən Rusiya və Azərbaycanda inqilab etmək gücünün olmadığını düşünür: “Bu gün Amerikanın hansısa bölgədə və ölkədə inqilab edəsi halı yoxdur. Dünya birqütblü sistemlə çoxqütblü sistem arasındadır. Biz sanki keçid dövrü yaşayırıq. Vaşinqton 10 il əvvəl uzaq ölkələrə nəsə inqilab ixrac edə bilirdi, indi həmin güc, istək və enerji yoxdur. Sabah Poroşenkonu devirsələr, Amerika buna çətin ki, mane olsun. Amerika prezidenti Donald Trampı Ukrayna maraqlandırmır. Konqresin etirazı olmasaydı, Ağ Ev sahibi bəlkə də Krımı da Rusiya ərazisi kimi tanıyardı. ABŞ-ın Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda inqilab edəcək gücü yoxdur. Bu heç bizim maraqlara da cavab vermir. Bizə Ermənistan istisna olmaqla, bütün qonşularla normal münasibətləri davam etdirmək lazımdır. Sabitlik nə qədər kövrək olsa da, bunsuz Azərbaycanın yenidən xaosa yuvarlanması və parçalanması ehtimalı yüksəkdir. Əlbəttə, Azərbaycanda siyasi, iqtisadi və məhkəmə islahatlarının dərinləşdirilməsinə ehtiyac var. Ancaq bunu biz özümüz kənar təzyiq olmadan etməliyik. Ukraynanı içəridən bilən və bu ölkənin siyasilərini şəxsən tanıyan birisi kimi deməliyəm ki, ”Maydan"ın Azərbaycanda təkrarlanmasını istəmirəm. Ukraynada ikinci “Maydan” bu ölkənin parçalanmasına - Krımın itirilməsinə və Şərqi Ukraynada ikinci Qarabağın yaradılmasına gətirib çıxartdı. Rusiya fürsətdən istifadə etdi. Amerika heç nə itirmədi, bəlkə də qazandı, ancaq itirən Ukrayna oldu".
Cavanşir ABBASLI
Tarix: 20-10-2017, 08:47