“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
Qarabağ işğal olunduğu vaxtdan indiyədək Azərbaycanın bu əraziləri istər sülh, istərsə də hərbi yolla nə vaxt geri qaytarmaq imkanlarının, şanslarının olduğu barədə hər zaman müzakirələr gedir. Son illərdə münaqişənin həlli istiqamətində Azərbaycan tərəfin hərbi və diplomatik yolla göstərdiyi səylərin getdikcə güclənməsi bu məsələni bir daha aktuallaşdırıb.Azərbaycan tərəfin hansı ildə Dağlıq Qarabağ münaqişəsinin həllinin bir addımlığında olması barədə isə ən müxtəlif fikirlər var. Son olaraq, ötən ildəki aprel döyüşlərindən çıxış edərək, Azərbaycanın indiyə qədər bir neçə dəfə şansının olduğu, bundan istifadə etmək mümkün olmasa da, rəsmi Bakının sürətlə belə bir şansı yaxalamağa doğru getdiyi vurğulanır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli indiyə qədərki şanslarımızdan söz açdı: “Bir neçə şansımızı vurğulamaq istəyirəm. Bu şanslardan biri 1992-ci ilin sonları və 93-cü ilin əvvəllərində yaranmışdı. Həmin dövrdə milli ordumuz Goranboy rayonunu tamamilə ermənilərdən təmizləyərək, oradan Ağdərə istiqamətində hücuma keçdi. Üstəlik də Tərtər rayonu istiqamətində Tərtər batalyonu hücuma keçərək, demək olar, bütünlüklə Ağdərəni azad etdi. Bunun ardınca Azərbaycan ordusu Xankəndi istiqamətinə və Dağlıq Qarabağın mərkəzi istiqamətlərinə doğru irəlilədi. Lakin həmin dövrdə ordumuzun rəşadətli hücumunun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı. O, xeyli irəliləmiş qoşun hissələrimizi, xüsusilə birinci tank qoşunlarını guya Gəncədə təmir etdirmək adı ilə geri çəkdi. Bununla ermənilərin əks hücumu üçün şərait yaratdı. Nəticədə işğaldan azad edilmiş torpaqların bir qismi yenidən ermənilərin işğalı altına keçdi. Həmin dövrdə böyük həyəcan var idi, əhali şəhəri tərk edirdi. Üstəlik, danışıqlar prosesində müsbət hallar mövcud idi. Həmin zaman Cenevrədə Azərbaycan və Ermənistanın nümayəndə heyətləri görüşmüşdü. Bu görüşdə atəşkəs rejiminin elan olunması və danışıqlar yolu ilə Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması məsələsi müzakirəyə çıxarılmalı idi. Çox təəssüflər olsun ki, həmin danışıqlar da daxili problemlərimiz ucbatından baş tutmadı.
Azərbaycan ordusunun ikinci ən böyük rəşadətli hücumu Füzulinin Horadiz istiqamətində irimiqyaslı əməliyyatlar olub. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu hücum əməliyyatı ciddi uğur qazandı. Nəticədə Horadiz qəsəbəsi başda olmaqla, Füzulinin 32 kəndi düşmən pəncəsindən xilas olundu. Cəbhədə çox böyük uğurlar qazandıq. Amma yenə də bu uğurların davam etdirilməsinin qarşısını Rusiyanın işə qarışması, bəzi beynəlxalq qurumların təsiri aldı. Azərbaycan ordusunun Dağlıq Qarabağ üzərində tam nəzarəti ələ almaq üçün üçüncü cəhdi ötən ilin aprel ayında oldu. O döyüşlər bütün parametrlərinə görə indiyə qədər baş vermiş döyüşlərdən fərqlənirdi. Ordumuz mükəmməl və modern silahlarla silahlanmışdı. Eyni zamanda ordu ciddi döyüş hazırlığı keçmişdi. Ona görə 25 ildə ermənilərin qurduğu istehkam xətlərini ordumuz bir gecədə yardı. Cəmi 2-3 ərzində ordumuz 12 kilometrdən çox irəlilədi. Bu zaman yenə rusların, xüsusilə prezident Vladimir Putinin yenidən işə qarışması nəticəsində döyüş əməliyyatlarını dayandırmağa məcbur olduq. Döyüş əməliyyatları tək Tərtər deyil, həm də Füzuli istiqamətlərində gedirdi. Füzuli istiqamətində Cəbrayıla qədər getmişdik. Lələtəpə yüksəkliyinin ələ keçirilməsi ilə cəbhənin böyük hissəsində üstünlüyümüz təmin olundu. Döyüş əməliyyatları dayandırılmasaydı, ordumuz Xankəndini də geri ala bilərdi. Çünki aviasiya döyüşə tam hazır vəziyyətdə idi. Lakin Rusiyanın işə qarışması ilə bu şansdan istifadə etməkdən məhrum edildik. Rusiya başda olmaqla, bəzi dövlətlər Azərbaycanın ərazilərini geriyə qaytarmasına maneçilik törətdilər. İndi də həmin qüvvələr danışıqlar prosesində tam bizə əks mövqe tutur, torpaqlarımızı ermənilərə təslim etməyə çalışırlar”.(musavat.com)
Tarix: 21-10-2017, 14:44