"Xəbər portalları və ya agentliklər götürdükləri informasiyaya istinad verməyən telekanalları məhkəməyə verib təzminat ala bilərlər".
Bunu "Qaynarinfo"ya açıqlamasında jurnalist, teletənqidçi Qullu Məhərrəmli deyib.
O, bildirib ki, kimliyindən, növündən asılı olmayaraq bütün media qurumları götürdükləri informasiyanın mənbəyini göstərməlidirlər:"Ümumiyyətlə istinad məsələsi medianın hər hansısa qoluna baxmır. Yəni istər televiziya, istər radio, istərsə də onlayn KİV informasiyanı haradan götürürsə, mütləq həmin mənbəyə istinad etməlidir. Təəssüf ki, televiziyalarımızda çox tendensiya yaranıb. Bu, indinin problemi deyil, uzun illərdir ki, televiziya kanalları götürdükləri informasiyanın mənbəyini göstərmirlər. Çox nadir hallarda hansısa televiziya buna əməl edir. Bəzən götürülən informasiya ətrafında yeni çalarlar tapırlar, amma həmin çalarları verməmişdən öncə əsas qaynaq olaraq ilkin mənbə göstərilməlidir. Bu media etikasına ziddir. Bəzən televiziyalar mənbə göstərməyi özlərinə sığışdırmırlar. Guya ki, bunlar böyük media qurumudurlar və hansısa xəbər portalına, yaxud agentliyə istinad etməyi özlərinə ar bilirlər. Xəbərin iki və daha artıq qaynağı ola bilər, amma ilkin mənbəyə mütləq istinad edilməlidir. Xəbərin təkcə operativliyi yox, həm də onun orjinallığı və eksklüzivliyi böyük rol oynayır. Bu baxımdan televiziyalar mütləq buna əməl etməlidirlər".
Ekspertin fikrincə, istinad etmək eyni zamanda informasiyanın mötəbərliyinə də təminat verir, etimadı artırır:
"Onlar üçün bu məsələdə heç bir istisna yoxdur. Əksinə istinad olduqda bu, media qurumu ilə xəbər portalı və ya agentlik arasındakı etimadı artırır, həm də xəbərin mötəbərliyinə təminat verir. O xəbəri istinadla vermək də hələ məsuliyyəti öz üzərindən tamamilə atmaq demək deyil. Yəni hansısa agentlik, televiziya və ya digər media qurumu bi informasiya yayıbsa, təkcə ona arxayın olub, həmin məlumatı yayımlamaq olmaz. Əgər həmin xəbər şübhə doğurursa, mütləq dəqiqləşdirilməlidir. Ona görə də belə informasiyalarda məsuliyyət məsələsində məlumatı yayan orqanla ilkin mənbə arasında müəyyən mənada bölüşmə olur. Söhbət etik məsuliyyətdən gedir. İnformasiyanın yalan və ya doğru olması isə məsələnin başqa tərəfidir. Əlbəttə mötəbər mənbələrə istinad verəndə bu məsuliyyət azalır. Siz "Reuters" və ya "Azərtac"ın xəbərini verirsinizsə demək olar ki, məsuliyyət daşımırsız. Çünki bunlardan biri dünya, digəri də yerli səviyyədə mötəbərlik qazanmış agentliklərdir. Amma elə media qurumları da var ki, hələ özünü tam mənada doğrultmayıb. Mənim fikrimcə o mənbələrə istinad ediləndə dəqiqləşdirmələr aparmağa ehtiyac var".
Qulu Məhərrəmli bildirib ki, istinad ənənəsi ANS-də olub:"ANS-də bu ənənə var idi. Onlar mənbəni bu və ya digər formada göstərib, istinad mədəniyyətinə müəyyən mənada əməl edirdilər. Amma bu gün fəaliyyət göstərən televiziyalar haqqında bunu deməyə çətinlik çəkirəm. Rəsmi xəbərlərdə istinad verilir, yəni tutaq ki, Azərtac-ın adı çəkilir, amma xəbər portallarının məlumatlarından istifadə edərkən buna əməl etmirlər. Ya çəkinirlər, ya özlərinə ar bilirlər, beləliklə də müəlliflik hüququnu pozurlar. Təəssüf ki, bu problem televiziyalarımızda lövbər salıb. Bundan yaxa qurtarmaq lazımdır".Ekspert bildirib ki, məlumatı oğurlanan xəbər portalları və ya agentliklər məhkəməyə müraciət edərək istinad etməyən telekanallardan təzminat ala bilərlər:"Əgər eksklüziv xəbərdirsə, məsələn hansısa agentlik və ya sayt yayıbsa, televiziya da həmin məlumatı istinad etmədən veribsə, həmin sayt və ya agentlik birmənalı şəkildə o televiziyanı məhkəməyə verib, təzminat ala bilər. Amma işin bu yerə gəlib çıxmaması üçün dünya praktikasına nəzər salmaq lazımdır. Dünyanın böyük telekanalları böyük informasiya agentlikləri ilə əməkdaşlığa dair müqavilə imzalayırlar. İllik müəyyən məbləğ ödənilir və həmin agentlik də o telekanalı il boyu informasiya ilə təmin edirlər. Məsələn, "Reuters"in 120 ölkə ilə bu cür əlaqələri var. Azərbaycanda da bir neçə televiziya kanalı həmin agentliklə müqavilə bağlayıb. Buna görə də televiziyalar normal şəkildə onların məlumatlarından istifadə edirlər. Amma yerli mötəbər mənbələr və ya saytlardan informasiya götürəndə jurnalist etikasını pozurlar. Belə olan halda mənbənin tam mənada haqqı çatır ki, həm etikanı pozduğuna görə həmin televiziyanı qınasın, həm də məhkəməyə müraciət edərək təzminat alsın. Qanunvericilikdə bu, açıq-aşkar göstərilib. Amma bizim praktikada hələlik belə məhkəmə təcrübəsi yoxdur. Adətən belə şeylər olanda ikinci dəfə həmin agentliyin adını çəkirlər, bununla da əvvəlcə yol verdikləri səhvi kompensasiya etmiş olurlar və məsələ də bununla bitir".
Çingiz Səfərli
Tarix: 22-10-2017, 09:44