Xüsusən ötən əsrdən başlayaraq, terror təşkilatları dünya nizamının müəyyən edilməsində mühüm rol oynayır. Bu qəddar təşkilatlar xeyli insanın ölümünə səbəb olmaqla yanaşı, həm də bəşəriyyətin gələcəyinə zərbə vururlar.
Politoloq Nəzakət Məmmədova Axar.az-a müsahibəsində terror təşkilatları ilə bağlı fikirlərini bölüşüb:- Nəzakət xanım, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl öz açıqlamasında Suriyada İŞİD-in tamamilə məhv ediləcəyini deyib. Bu açıqlama həqiqətən də İŞİD-in sonu anlamına gəlirmi?- Artıq İŞİD-in sonunun yaxınlaşdığı sirr deyil. Təşkilat demək olar ki, tutduğu bütün ərazilərdən çıxarılıb. İŞİD-ə qarşı bir çox qüvvələr - Suriya ordusu, koalisiya qüvvələri, kürd silahlı dəstələri və s. mübarizə aparsalar da, real olaraq İŞİD-in çökməsi Rusiya və Türkiyənin müdaxiləsindən sonra baş verdi. İŞİD-ə qarşı ABŞ, Rusiya, Türkiyə, İran, Suriyanın hökumət qüvvələri eyni məqsədlə - terrorçuları məhv etmək uğrunda müharibə aparsalar da, informasiya cəbhəsində onların bir-birinə qarşı eyni şiddətlə mübarizəsi müşahidə olunur. Bu ölkələrin hər biri digərini terror təşkilatı ilə gizli razılaşmalarda ittiham edirlər. İŞİD böyük güclərin Yaxın Şərqdəki planında bir-birinə qarşı alət kimi istifadə olunur.
Məsələn, ABŞ İŞİD-i yaratmaqda və maliyyələşdirməkdə, Türkiyə öz ərazisindən terrorçulara qoşulmaq üçün gedənlərə şərait yaratmaqda, Rusiya terrorçuların yerinə dinc mülki əhalini bombardman etməkdə, hətta Əsədin özü amerikalıların irəliləməsinin qarşısını almaq üçün Deyr əz-Zoru İŞİD-ə verməkdə ittiham olunub.
Lakin bildiyimiz kimi, son günlərdə Suriya ordusu əyalətin terrorçulardan təmizlənməsi üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir. Rusiya mənbələri ümumilikdə Suriya ərazisinin 92 faizinin azad olunduğunu qeyd edir. Bu qələbələrdə əsas rol oynayan dövlət Rusiyadır. Onun hərbi-kosmik qüvvələrinin havadan dəstəyi nəticəsində Suriya hökumət ordusunun qələbələri təmin olundu.
- Suriyanın gələcəyində söz sahibi olmaq istəyən Rusiya və ABŞ-ın rəqabəti artıq daha kəskin müşahidə olunur. Sizcə, bu rəqabətin qalibi kim olacaq?- Qeyd etdiyimiz kimi, son döyüşlər Deyr əz-Zor uğrunda gedir. Amerika hesab edir ki, demokratik müxalifət adlandırılan qüvvələr ölkə hakimiyyətində təmsil olunmalıdır, prezident Əsədi müdafiə edən Rusiya isə buna qarşı çıxır. Hər iki dövlət Deyr əz-Zorun İŞİD-dən təmizlənməsində daha çox fəallıq göstərməklə planlarının həyata keçəcəyini düşünür. Terrorçularla mübarizə sona yaxınlaşdıqca ona qarşı vuruşan bütün qüvvələr arasında daxili ziddiyyətlər daha da güclənir. Artıq Fəratın şərqində Əsəd ordusunun silahlı müxalifət qüvvələrinə hücumları baş verir. Rusiya da havadan buna dəstək verir. Təbii ki, ABŞ-ın dəstəklədiyi silahlı müxalifət də eyni şəkildə cavab verəcək. Görünən odur ki, Putinin dediyi kimi, İŞİD məhv edilmək üzrə olsa da, yeni bir mübarizə mərhələsi başlayır - böyük dövlətlər arasında Suriyada öz geosiyasi maraqlarının həyata keçirilməsi.
Rusiya bu günlərdə ABŞ və NATO müttəfiqlərini İŞİD, habelə “Təhrir əş-Şam” terrorçularının hərbi cinayətlərini bilərəkdən gizlətməkdə, NATO hərbçilərinin nəzarətində olan Suriya-İordaniya sərhəd-gömrük məntəqələrindən maneəsiz keçmələrinə şərait yaratmaqda ittiham etdi. Habelə, Ət-Tanf hərbi bazası yaxınlığında terrorçuların sərbəst hərəkət etdiyi, hətta burada NATO təlimatçılarının yaraqlılara təlim keçdiyi bildirilir.
Rusiya hesab edir ki, ABŞ İŞİD-in İraqdan Fərat çayı vasitəsilə Suriyaya keçməsinə kömək edib. Hazırda Deyr əz-Zorda vuruşanların çoxu onlardır.Rusiyanın ABŞ-a qarşı kəskin ittihamları elə bir dövrə düşdü ki, ABŞ Türkiyə ilə qeyri-emiqrasiya vizalarının verilməsini dayandırdı və Tramp Konqresdən İranla nüvə sazişindən çıxmağı tələb edirdi. Rusiya-Türkiyə-İran ittifaqı ilə ABŞ və koalisiyadakı müttəfiqləri arasındakı Suriyadakı terrora qarşı savaş hərb meydanından siyasi-diplomatik müstəviyə keçib.
- Hər zaman bir terror təşkilatının məhv edilməsindən sonra əvəzinə yeni daha güclü şəkildə terror təşkilatı meydana gəlməsini müşahidə edirik. Sizcə, hazırda dünya üçün hansı terror təşkilatı potensial təhlükədir?- Bəli, haqlısınız. Bir terror təşkilatı məhv edildikdən sonra çox zaman onun bazasında yenisi meydana gəlir. Sanki məşhur “Mafiya ölməzdir!” şüarı “Terror təşkilatları ölməzdir” şüarı ilə əvəzlənib. Məsələn, İŞİD və bir sıra digər təşkilatlar məhz Əl Qaidənin əsasında yaradıldı. Əl Qaidə özü də Pakistanda təlim görmüş taliblərin sırasından çıxmışdı. Bir zamanlar “permanent inqilabçılar” deyilən bir məfhum yaranmışdı. Özünü inqilaba həsr edən adamlar, məsələn, Çe Qevara kimi insanlar dünyanın harasında inqilab olurdusa, orada peyda olurdular və inqilabçıları dəstəkləyirdilər. Saakaşvilinin harada rəngli inqilab baş verirsə, orada peyda olduğu kimi. Bunları permanent, yəni daimi inqilabçılar adlandırırlar. Eynilə “permanent terrorçular” məfhumu prizmasından yanaşdıqda doğrudan da belə insanların olduğunu görmək mümkündür.
Bir terror təşkilatı dağıdılır, məhv edilir, yerinə yenisi yaradılır və burada sağ qalmış terrorçular həmin təşkilatda birləşir, əvvəlki sponsorlarından maliyyə dəstəyi alır və s. Yaxud da terror təşkilatları şaxələnir, ayrı-ayrı bölgələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, lakin məqsədləri eynidir və eyni mərkəzdən idarə olunur. Məsələn, Türkiyə haqlı olaraq hesab edir ki, PYD/YPG PKK-nın Suriyadakı qanadıdır.
Məqsəd nədir? Kürdüstan yaratmaq. Metod nədir? Terror. Onun Türkiyədə, İraqda bir adla, Suriyada başqa adla fəaliyyət göstərməsi mahiyyəti dəyişmir.Yaxud ASALA guya buraxıldığını elan etsə də, lakin onun üzvləri həm Yaxın Şərqdə, həm MDB məkanında, o cümlədən Ermənistanda, Dağlıq Qarabağda fəaliyyət göstərirlər. Mən əminəm ki, ASALA üzvləri Qarabağda yerləşdirilmiş işğalçı Ermənistan ordusunun tərkibində bu gün də fəaliyyət göstərir. Biz işğalçı ordu və onun tərkibində xidmət keçən peşəkar terrorçularla mübarizə aparırıq. Azərbaycanın zərurət yaranarsa, Qarabağda aparacağı hərbi əməliyyatlar həm işğalçı dövlətin ordusunun ərazimizdən qovulması, həm də antiterror əməliyyatı olacaq. Aprel döyüşləri özü həm də antiterror əməliyyatı idi. Ermənistan bizə qarşı hibrid müharibəsi aparır. Burada terror fəaliyyətindən tutmuş informasiya müharibəsinədək bir sıra istiqamətlərdə əleyhimizə iş görülür.
ASALA bu gün Gürcüstanda, konkret olaraq Cavaxetiyada təxribatçı fəaliyyət göstərən əsas qızışdırıcı qüvvədir. Habelə PKK-nın daxilində onunla birgə fəaliyyət göstərir. Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlunun NATO Parlament Assambleyasının İstanbuldakı sammitində erməni millət vəkilinə verdiyi cavabı qeyd edək. O bildirmişdi ki, həbs etdiyimiz və ya öldürdüyümüz PKK terrorçularının içərisində çoxlu ermənilər də var.
Bu onu sübut edir ki, həm ASALA, həm Əl Qaidə və digər terrorçu təşkilatlar adlarını dəyişərək başqa terror təşkilatları ilə birləşib və fəaliyyətlərini davam etdirirlər. İŞİD zəiflədilsə də, onun tamamilə məhv ediləcəyi inandırıcı görünmür. Ehtimal ki, onun üzvləri ya yenidən müstəqil bir təşkilat yaradacaqlar, ya da başqa terrorçu təşkilatlara qoşula bilərlər.
- Nəzakət xanım, bu vaxta qədər mövcud olan terror təşkilatlarından hansı dünyaya daha çox zərbə vurub?- Terror təşkilatlarının ilk dəfə orta əsrlərdə müsəlman şərqində yaradılmasını sübut etmək cəhdləri son dövrlərdə özünü qabarıq büruzə versə də, lakin terrorun tarixi elə bəşəriyyətin tarixi qədər qədimdir.
Onlardan hansının indiyə qədər daha çox dünyaya zərər vurduğunu demək çətindir. Müqəddəs kitablarda belə bir fikir var: “Öldürmə!”, “Bir insanı öldürən bütün insanlığı öldürmüş kimidir!” və s. Bu baxımdan fərqi yoxdur, onların qurbanlarının sayından asılı olmayaraq dünyaya, bəşəriyyətə böyük zərbələr vurulub və vurulmağa davam edir.Günahsız qadınları, uşaqları qətlə yetirən İŞİD, ABŞ-da Əkiz qüllələri partladan və bu ölkənin Əfqanıstana girməsinə səbəb olan Əl Qaidə, türk diplomatlarını qətlə yetirən ASALA, Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK, YPG/PYD, Beslanda məktəbliləri girov götürən terrorçular hamısı bəşəriyyət qarşısında məsuliyyət daşıyır. Lakin o fikrimdə qalıram ki, terror təşkilatları bir vasitədir. Böyük dövlətlərin, güc mərkəzlərinin dəstəyi olmadan heç bir terror təşkilatı fəaliyyət göstərə bilməz.
Tarix: 23-10-2017, 07:56