Ekspertdən 4 xainin cəzalandırılmaması ilə bağlı maraqlı şərh

Ekspertdən 4 xainin cəzalandırılmaması ilə bağlı maraqlı şərh Onlar Ərdoğan Bakıya gələnədək cəzalandırılacaqlarmı? Natiq Miri: “Məncə, bu məsələ Azərbaycan və Türkiyə rəhbərliyi arasında artıq müzakirə predmeti olub”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycana gələcək. Bu barədə Ərdoğan şəxsən açıqlama verib. O qeyd edib ki, ayın sonunda Bakıya Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin açılış mərasiminə gələcək. Bu səfərə iki gün ayırıb.


Türkiyə lideri əlavə edib ki, magistralın təntənəli açılış mərasimindən başqa, o, Bakıda həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Onun sözlərinə görə, o, yeni marşrut üzrə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə qatarda keçmək niyyətindədir. Bundan başqa, Türkiyə, Azərbaycan və Gürcüstan arasında danışıqlar aparılacaq.

Qeyd edək ki, Ərdoğanın budəfəki Bakı səfəri Azərbaycan cəmiyyətinin Türkiyədən erməni işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfər etmiş 4 Türkiyə vətəndaşının cəzalandırılmasını gözlədiyi vaxta təsadüf edir. Azərbaycanın Baş Prokurorluğunun cinayət işi açdığı həmin Türkiyə vətəndaşlarının cəzalandırılması istiqamətində hələ ki qardaş ölkə tərəfindən hansısa addım atılmayıb. Ona görə də sual yaranır ki, Türkiyə prezidentinin Bakı səfərinədək sözügedən xəyanətkarlar cəzalandırılacaqmı? Cəzalandırılmamaları iki ölkə arasında danışıqlara soyuqluq gətirərmi?

Politoloq Natiq Miri bildirdi ki, Türkiyə hakimiyyəti uzun müddətdir çox ciddi xarici təzyiq altındadır: “Qərb dünyası ”insan hüquqları pozulur" bəhanəsi altında Ankaraya çox ciddi təzyiq edir və beynəlxalq səviyyədə belə bir ictimai rəy formalaşdırmaq istəyirlər ki, Türkiyədə bütün azadlıqlar pozulur. Türkiyə dövlətini və hakimiyyətini hədəfə alanlar hər fürsətdən bu rəyi yaratmaq üçün çalışırlar. 2016-cı il 15 iyul hərbi çevrilişinə cəhdin arxasında dayanan Qərb planının pozulmasını həzm edə bilmir. Dağlıq Qarabağa qanunsuz səfər etmiş Türkiyə vətəndaşları həbs olunacağı halda bu hadisəni də qardaş ölkəni və onun iqtidarını hədəfə alanlar şişirdəcək, “insan haqları pozulur” deyə şivən qoparacaqlar. Ola bilsin ki, Türkiyə hökuməti bu məsələləri düşünür və ona görə hələ həmin şəxslər cəzalandırılmır. Beynəlxalq reaksiya və hay-küyün olması ehtimalı, yeni qalmaqal yaranması ehtimalı güman ki, Ankaranı qəti addım atmaqdan çəkindirir. Bunu böyük ehtimalla Azərbaycan hakimiyyəti də anlayışla qarşılayır.

Mən düşünürəm ki, bu məsələ Azərbaycan və Türkiyə rəhbərliyi arasında artıq müzakirə predmeti olub. Onu da düşünürəm ki, Türkiyənin indiki vəziyyətinə rəsmi Bakı anlayışla yanaşıb. Ona görə də məncə, Dağlıq Qarabağa səfər etmiş həmin Türkiyə vətəndaşları qarşıdakı bir həftədə cəzalandırılmasalar belə, Bakı Ərdoğanın səfəri zamanı danışıqlarda bu məsələnin üzərində xüsusi təkid göstərməyəcək. Azərbaycan prezidenti istəməz ki, indiki situasiyada Türkiyə və onun hakimiyyəti basqı altında qalsın".


Ekspertin fikrincə, işğal altındakı Dağlıq Qarabağa səfər edən xəyanətkarlar ciddi ictimai qınağa məruz qoyulmalıdır: “Türkiyə cəmiyyəti həmin şəxslərə elə münasibət bildirməlidir, onları elə səviyyədə qınağa məruz qoymalıdır ki, həmin xəyanətkarlar Türkiyədə yaşamağa özlərinə yer tapa bilməsinlər. Onları bu cür cəzalandırmaq lazımdır”.

Etibar SEYİDAĞA
Tarix: 23-10-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti