Sarkisyanın ermənilər üzərində QORXU SSENARİSİ: Qarabağda müharibə başlayır...

Sarkisyanın ermənilər üzərində QORXU SSENARİSİ: Qarabağda müharibə başlayır... Ermənistan hakimiyyəti Cenevrə görüşündən sonra Azərbaycana qarşı növbəti iftiranı yayımladı.

Publika.az xəbər verir ki, İrəvan Azərbaycanın “Spayk” raketlərindən atəş açdığını iddia edib.

Azərbaycan Müdafiə Nazirliyi isə bunun iftira olduğunu açıqlayıb.


“Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarə olunan “Spayk” raket kompleksləri görünür. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür. Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”, - deyə MN-nin məlumatında bildirilir.

Əslində Azərbaycana qarşı bu iftiranın arxasında Serj Sarkisyan hakimiyyətinin gələcəyə hesablanmış hiyləgər planı dayanır.

Serj Sarkisyan 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəcək və yeni idarəçilik sisteminə görə, Ermənistanda əsas şəxs baş nazir olacaq. Sarkisyan isə hakimiyyətdən getmək niyyətində deyil və onun ölkəyə nəzarəti saxlamaq üçün iki planı var: Milli Təhlükəsizlik Şurasının baş katibi olmaq; Baş nazir olmaq.

Hələlik birinci plan gündəmdə deyil. Lakin Ermənistan prezidentinin ikinci planı dövriyyəyə saldığı haqda məlumatlar var.

“Jamanak” qəzeti yazır ki, Serj Sarkisyan Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıdandan sonra baş nazir Karen Karapetyanla razılaşıb: “Sarkisyan Cenevrə görüşündən qayıdandan sonra Karapetyanı inandırmağı bacardı ki, o, baş nazir, Karen isə baş nazirin müavini olsun. Sarkisyan Karapetyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək baş nazirin səlahiyyətlərinə daxil olacaq, baş nazirin müavini olacaq Karapetyan üçün isə heç nə dəyişməyəcək. Ona hökumətin iclasını keçirmək, kadr islahatları aparmaq və hökumət binasına rəhbərlik etmək səlahiyyəti veriləcək. Sarkisyan isə baş nazir olaraq Baqramyan 26-da (Ermənistan prezidentinin qərargahı - red.) oturacaq. İndi Ermənistanın yeni prezidenti üçün iqamətgah axtarırlar. İstisna deyil ki, yeni seçiləcək prezident Sarkisyanla birgə prezident iqamətgahında oturacaq”.

Görünür, Karapetyanla razılaşan Sarkisyana özünün lazımlı şəxs olduğunu erməni ictimaiyyətinə inandırmaq qalıb. Onun Cenevrə görüşündən dərhal sonra danışmamaq haqda razılaşmanı pozaraq, İsveçrədəki erməni diasporunun önündə “Bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik” deməsi də birbaşa öz gələcəyinə yatırım idi.

Ermənistan prezidenti bununla özünün Qarabağın təminatçısı kimi göstərmək istəyirdi. Bu prosesin məntiqi davamı olaraq, onun “xarici düşmən” və “Azərbaycan təhlükəsi”ni erməni ictimaiyyətinin “gözünə soxmaq” üçün təxribata əl atacağı gözlənilən idi. Cenevrə görüşündən dərhal sonra Azərbaycan əsgərinin şəhid edilməsi, ardınca da “Azərbaycanın “Spayk” raketlərindən atəş açması” yalanının tirajlanması buna hesablanıb. Yəni erməni hərbi birləşmələri Azərbaycan əsgərini şəhid edir, ardınca da “Azərbaycanın qisas aldığı” görüntüsü yaradaraq, təhlükənin nə qədər böyük olduğu göstərilir.

Ermənistan mediası da Sarkisyanın hədəflərinə çatmaq üçün erməni ictimaiyyəti üzərində təbliğatı gücləndirib. Xüsusilə Dağlıq Qarabağda toqquşmaların başlandığı, Azərbaycanın hücuma keçdiyi kimi yalan dolu informasiyalar yayımlanır.

Misal üçün, “lragir” saytı “Başlandı: Ermənistan necə cavab verəcək”, “1in.am” saytı isə “Azərbaycanın raketləri və İrəvanın sükutu” adlı manşetlərlə çıxış edib. Bu cür təbliğat materialları işğalçı ölkənin mediasını bəzəyir. Göründüyü kimi, Sarkisyan Qarabağ münaqişəsindən şəxsi maraqları üçün istifadə edir.

“Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə edir”, - erməni siyasi şərhçi Sarqis Artsruni də belə yazır.

Asif
Tarix: 23-10-2017, 20:48
Xəbəri paylaş





Xəbər lenti