Qarabağdakı antiterror əməliyyatları Ermənistan ərazisində davam edə bilər

Qarabağdakı antiterror əməliyyatları Ermənistan ərazisində davam edə bilər
Türkiyənin Afrin əməliyyatı Azərbaycana ideal fürsət verir; Ermənistan xofda: “Bakı və Ankara Qarabağda ”ildırımsürətli” əməliyyata əl atacaqlar"; azərbaycanlı ekspertlər deyir ki...

Türkiyənin Suriyanın Afrin bölgəsində uğurlu antiterror əməliyyatı aparması onun dostlarını sevindirib, düşmənlərini isə ciddi şəkildə təşvişə salıb. Ankara birmənalı şəkildə bəyan edib ki, onun başqa ölkənin torpağında gözü yoxdur, sadəcə PKK, PYD, İŞİD və digər qanlı hörgütləri silahlandırıb Türkiyənin də təhlükəsizliyini təhdid edənləri yerində oturtmaq niyyətindədir.


Türkiyənin qonşu ölkənin ərazisində həyata keçirdiyi hərbi əməliyyatlara ABŞ başda olmaqla, dünyanın bir sıra aparıcı ölkələrinin etirazları, hətta terrorçulara silah yardımı olsa belə, Ankara mövqeyindən geri çəkilmədi və əməliyyatları davam etdirməkdə israrlıdır. Qardaş ölkənin bu prinsipiallığı sonrakı günlərdə həmin qüvvələri geri çəkilməyə vadar etdi. Artıq NATO başda olmaqla, beynəlxalq təşkilatlar da Türkiyənin antiterror əməliyyatlarına dəstək verir.

Belə olan halda bir çoxları hesab edir ki, Afrin əməliyyatları Azərbaycan üçün həm də bir sınaq testi və Ermənistanın işğalçı qüvvələrinə qarşı hərbi əməliyyatlara başlamaq üçün şansın yaranması deməkdir. Məntiqlə əgər dünya gücləri Türkiyənin ölkə xaricində həyata keçirdiyi antiterror əməliyyatını dayandırmağa nail ola bilmədisə - sözsüz ki, ölkə vətəndaşlarına daim təhdid yaradan PKK tör-töküntülərinə qarşı mübarizə aparmaq qardaş ölkənin haqqıdır, ancaq ədalətsiz dünyanın reallıqları da var, terrorçulara dəstək verilməsi faktdır - deməli, Azərbaycan öz sərhədləri daxilində erməni terrorçularına qarşı əməliyyatlar keçirmək hüququnu reallaşdırmaq istəsə, beynəlxalq hüquqa istinad edəcək və kimsə buna qarşı çıxa bilməyəcək.



Son günlər təmas xətti boyunca ermənilərin təxribatlarının artması, ordumuzun şəhid verməsi də Azərbaycana əlavə arqumentlər verir. Hətta XİN başçılarının son görüşündən sonra düşmən təxribatları ara vermədi, deməli, yeganə yol hərbi əməliyyatlardır. Bu günlərdə orduya cavabdeh şəxslərin cəbhə bölgəsinə səfərləri də düşməni narahat edir. Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən prezidentin hüquq - mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Müdafiə Nazirliyi xəbər verir ki, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Üstəlik, bu yaxınlarda Rusiyadan alınan hərbi texnikanın növbəti partiyasının cəbhə bölgəsinə göndərilməsi işğalçı ölkənin rahatlığını pozub. Düşmən ölkə Rusiya-Azərbaycan hərbi əlaqələrinin dərinləşməsindən havalanıb. Azərbaycan prezidentinin son açıqlamaları isə işğalçı ölkədə şok effekti yaradıb.



“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”. Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev Davosda bəyan edib. “Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, - deyə o vurğulayıb. Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb. Həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İ. Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib.

Azərbaycanın Rusiya ilə hərbi sahədə də geniş əlaqələr qurması, şimal qonşumuzun silah bazarına böyük vəsaitlər ödəməsi Kremlin maraqlarına cavab verir. Bu, o deməkdir ki, ölkəmizlə əlaqələrin qorunub-saxlanmasına Rusiya daha çox üstünlük verməlidir. O halda Azərbaycanın hərbi qüvvələrinin işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirilməsinə Moskvanın ən azı loyal münasibət göstərməsi gözləniləndir. Ermənilər də bu vəziyyətə görə çox narahatdırlar.

Türkiyənin Afrində həyata keçirdiyi uğurlu antiterror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb. Publik.az xəbər verir ki, Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini düşünür. Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişənin Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.



Erməni politoloq arzu edir ki, Türkiyə Suriyada məğlub olsun. “Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək. Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan özlüyündə güclüdür. Lakin Türkiyənin güclənməsi Rusiyanın və digər böyük ölkələrin də Ermənistanın əksinə olan cəbhədə yer almasına səbəb ola bilər. Biz o təhlükəni istisna etməməliyik ki, Bakı və Ankara Qarabağda ”ildırımsürətli" əməliyyata əl atacaqlar", - deyə o bildirib.

Ermənistan daxilində hökm sürən seçkiqabağı ictimai-siyasi gərginlik də işğalçı ölkənin durumunu xeyli ağırlaşdırmaqdadır. Məlumata görə, erməni oliqarxlar hakim Respublika Partiyasının Ermənistan prezidenti vəzifəsinə Armen Sərkisyanın namizədliyini irəli sürməsinə qarşı çıxmaq istəyirlər. “Trend”in məlumatına görə, bir sıra oliqarxlar Ermənistanın biznes həyatında A.Sarkisyanın simasında yeni rəqibin peyda olacağından narahatdırlar. Onların fikrincə, A.Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq. Erməni KİV-lərinin yazdığına görə, yaxın zamanlarda A.Sərkisyanı etibardan salacaq məlumatlar yayıla bilər ki, bu da onu prezidentlik iddialarından əl çəkməyə vadar edə bilər.

Bütün bu mənzərə, üstəlik, Qarabağdakı erməni hərbçilərinin ruh düşkünlüyündə olması, Azərbaycan ordusunda isə hökm sürən ruh yüksəkliyi düşmənə qısamüddətdə sarsıdıcı zərbələr vurmağımızı mümkün edir. Qısa müddətdə işğalçıya zərbələr endirilməsi həm də o deməkdir ki, beynəlxalq aləm Azərbaycana təsir göstərməyə fürsət belə tapa bilməyəcək.



Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Qarabağda antiterror əməliyyatlarının keçirilməsi həmişə mümkündür: “Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara işğal altında olan ərazilərimizdə terror qruplarının təlim bazasının olduğu, həmçinin burada narkotik bitkilərin becərildiyi barədə hesabatlar təqdim edib. Digər tərəfdən, Azərbaycan əraziləri işğal altındadır və həmin ərazilərdə insanlıq əleyhinə cinayət törədən şəxslərdən ibarət qanunsuz rejim fəaliyyət göstərir”.

PKK-çıların Dağlıq Qarabağa köçü məsələsinə gəldikdə isə, E.Mirzəbəyli dedi ki, bunun bir sıra ideoloji əsasları da var: “Bəzi erməni terror təşkilatları ilə PKK arasında əlaqə hər zaman olub. Onlar oxşar ideoloji platforma əsasında fəaliyyət göstəriblər. Daha doğrusu, radikal sol ideoloji platformaların arxasında öz gerçək terrorçu simalarını gizlətməyə çalışıblar. Məsələn, 1887-ci ildə Cenevrədə elan olunan QNÇAK sol platforma üzərində yaradılıb və faktiki olaraq həm Avropada, həm də Türkiyədə təxribatçı əməllərlə, terroru dəstəkləməklə məşğul olub. QNÇAK erməni diasporunun təşkilatıdır və bu gün də mövcudluğunu qoruyub saxlayır. Erməni inqilabi federasiyası - Daşnaksütyun Partiyası sol inqilabi platforma üzərində yaradılıb, amma təməlində separatizm və millətçilik dayanıb. Bu partiyanın tarix boyu türklərə nifrət körüklədiyi, soyqırımda, terrorda əli olduğu hər kəsə bəllidir. Onu da qeyd edim ki, erməni terror təşkilatı ASALA da sol radikal qrup hesab olunur. Göründüyü kimi, həm PKK, həm də onun tör-töküntüləri ilə ermənilərin separatçı-terrorçu qrupları eyni ideoloji xətt üzərində fəaliyyət göstəriblər və bu proses indi də davam edir. Bu baxımdan, PKK ilə erməni terror təşkilatlarının yaxın əlaqəsində təəccüblü heç nə yoxdur”.

Politoloq erməni və kürd terrorunun ortaq maraqlarına da diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, bu terror təşkilatlarının əsas məqsədi türk dövlətçiliyini süquta uğratmaq, türklərin izini bu regiondan silməkdən ibarət olub. Bu məsələnin tarixi tərəfi. Bu günə gəldikdə isə dünya birliyinin Afrinlə bağlı mövqeyini presedent kimi qəbul etmək doğru olmazdı. Əslində bu gün terrorizmə və aqressiv separatizmə qarşı mübarizəni əsaslandıran ən böyük fakt Dağlıq Qarabağda baş verib. Amma göründüyü kimi, bizim beynəlxalq birlik adlandırdığımız, lakin ayrı-ayrı güclərin maraqlarının idarə etdiyi amorf mexanizm bu günədək hərəkətə gəlməyib. Digər tərəfdən, Afrin başqa bir dövlətin ərazisidir. Türkiyə öz ərazi bütövlüyünə təhdid yaradan separatçı-terrorçu qruplara qarşı həm də başqa bir dövlətin - Suriyanın ərazisində mübarizə aparır. Dağlıq Qarabağ isə Azərbaycan ərazisidir. Bu baxımdan, oxşar ssenarilər üzrə hərəkət etməklə əgər biz erməni terrorizminin kökünü kəsmək istəsək, o zaman gərək hərbi əməliyyatları həm də Ermənistan ərazisində həyata keçirək”.

“Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək üçün antiterror əməliyyatına başlaması beynəlxalq hüquq normalarına tam uyğundur, daha doğrusu, beynəlxalq hüququn tələbidir. Azərbaycan bu addımı qardaş ölkə ilə birlikdə də ata bilər. Hesab edirəm ki, Türkiyə ilə strateji yaxınlığımız daha irəliyə getməli və hərbi ittifaq yaradılmalıdır”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin 1-ci vitse-prezidenti Füzuli Məmmədov mətbuata açıqlamasında deyib.

Göründüyü kimi, beynəlxalq şərtlər, qardaş ölkənin nümunəsi, Ermənistan daxilində yaranmış qarışıqlıqlar, üstəlik, düşmən ölkənin sülh yolundan imtinası Azərbaycanın hərbi əməliyyatlara başlayaraq, torpağını terrorçulardan təmizləməsini zəruri edir. İctimai rəyin də gəldiyi qənaət məhz budur...
Tarix: 25-01-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti