“Burada heç heyvan yaşamaz” – Bakıda tələbə yataqxanalarının vəziyyəti – FOTOLAR

“Burada heç heyvan yaşamaz” – Bakıda tələbə yataqxanalarının vəziyyəti – FOTOLAR
Son günlər ölkə ərazisində hava şəraitinin kəskin soyuması, ailəsindən kənar qalan tələbələrin həyat şəraitinə diqqət çəkməyi tələb edir

Təhsil aldığı universitetin yataqxanasında özlərinə yer tapan tələbələrin, əslində, isti ocaqda məskunlaşdığını deyə bilmərik. Bir neçə universitetin yataqxanasında apardığımız müşahidələr və tələbələrlə söhbətlərimiz bunu deməyə əsas verir.


Azərbaycan Dillər Universitetin ötən il təmir edilən yataqxasında 200 tələbə üçün yer ayrılıb. Tələbələrin sözlərinə görə, istilik sistemi qənaətbəxş deyil: “Təmirdən sonra vəziyyət bir xeyli dəyişib, ancaq kombi çox zəif yanır və ya qəsdlə belə yandırılır, təmirli hamam da pulludur, internetin çəkilməsi isə heç nəzərdə tutulmur”.

ADU-nun yataqxanasının ilk iki mərtəbəsində qaçqınların və məcburi köçkünlərin yaşaması da, tələbələrin narazılığına səbəb olur: “Qaçqınlarla birgə qalmaq bir çox məsələdə bizə mane olur, indi semester imtahanlarımız var, bütün tələbələr sakit dərs oxuyur, ancaq qaçqın ailələri səs-küy baxımdan bizə narahatlıq yaradır. Onları da qınamırıq, elə neçə ildi burdan köçməyi gözləyirlər amma hələ bir xəbər yoxdur”.

Qeyd edək ki, adıçəkilən univesitetin oğlanlar üçün yataqxanasında isə tamamilə qaçqınlar və məcburi köçkünlər məskunlaşıb.

Bakı Dövlət Universitetinin yataqxanası isə, ümumiyyətlə tələbələrin sağlamlığı üçün zərərlidir. Rütubət, üfunət qoxusu, istilik sisteminin olmaması burda yaşayan tələbələrin haqlı şikayətinə səbəb olur: “Deyərdim ki, burada heç heyvan yaşamaz, istilik yoxdur, öz vəsaitimizlə aldığımız sobalar da isitmir, çünki bina bərbad vəziyyətdədir. Keçən ildən yeni yataqxana barədə söhbətlər gəzir, biz hər dəfə ödəniş edəndə komendant “tezliklə köçürük”- deyib, vəd verir, amma proses hələ 2019-da həllini tapsa, şükür edərik”.

Bakı Slavyan Universitetinin yataqxanası digərləri ilə müqayisədə təmirlidir, otaqlar istilik sistemi ilə təmin edilib, ancaq burada problem isti su ilə bağlıdır: “Otaqlarımız yaxşı qızdırılır, amma isti suyumuz yoxdur. Bu qış aylarında əl-üzümüzü və ya paltarlarımızı yuyanda donuruq. İnternetdən isə danışmağa dəyməz, artıq internetdən həll etməli olduğumuz işləri dost-tanışdan xahiş etməyə öyrəşmişik”.

Azərbaycan Dövlət İqtisad Universitetinin 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də, tələbələrin yataqxana ilə təminatı hələ ki, mümkün deyil.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxana binası olsa da, həmin yataqxanaların dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilib. Azərbaycan Texniki Universitetində də, eyni vəziyyət hökm sürür: 5 yataqxanadan sadəcə biri 80 oğlan tələbə üçün ayrılıb, 4 binada isə məcburi köçkünlər yaşayır. Hər iki universitetin yataqxana binasında istilik sistemi tələbələrin öz cəhdləri hesabına təmin edilir.

Qeyd edək ki, tələbələri yaxşı yataqxana ilə təmin edən universitetlər mövcuddur. Bakı Mühəndislik Universitetinin qız və oğlan yataqxanaları tələbə şəhərciyində yerləşir, bufet, idman kompleksi, internet salonu və camaşırxana burada yaşayan tələbələrin ixtiyarındadır. Azərbaycan Tibb Universiteti də tələbələrinə hər cür şəraitli yataqxana təklif edə bilir.


Tarix: 28-01-2018, 22:49
Xəbəri paylaş





Xəbər lenti