Qanun keşikçilərinin qanunsuzluğu

Qanun keşikçilərinin qanunsuzluğu
Son günlər şəhid Elton Əkbərovun qızı 3 uşaq anası Könül Əkbərovanı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu, 17 yaşlı Rəhim Rəhimov əsas müzakirə mövzularından biridir. Məlumata görə onun atası Akif Rəhimov “Xırdalan Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidr.
Amma gündəmi zəbt edən əsas məsələ Rəhim Rəhimovun məhkəmədə səsləndirdiyi fikirlərdi. Hadisə yerindən qaçmaqda ittiham olunan Rəhim bu ittihamla razılaşmayıb. Bildirib ki, polislər onun atasını, əmisini tanıyıb və buna görə də hadisə yerindən getməsini tələb ediblər. “Hadisə yerinə gələn polislər soruşdu, dedim mən etmişəm. Sonra başqa polislər də gəldi, dedilər “səni tanıyırıq, narahat olma, yaxşı olacaq”. Yəqin maşının nömrəsindən valideynlərimi tanıyıblar. Mən onlara özümü təqdim etmədim, onlar hər şeyi yaxşı bilirlər. Polislər müəyyən səbəblərə görə mənə dedilər ki, “hadisə yerindən uzaqlaş, taksiyə min get, atana xəbər ver, sürücünüz bura gəlsin”. Fikirləşdim yəqin atamla əmimi tanıdıqları üçün özləri yoluna qoyacaqlar. Polis maşınları YP 251, YP 254 idi, sonra da yuxarılardan olan YP 250 gəldi. Mən də getdim. Sürücümüz Əmrulla ora gəldi, həmin gündən sonra da mən başqa sürücümüzlə universitetə gedib-gəlirdim. Hadisədən sonra da ən azı 1 saat orada qalmışam”- deyə rəhim bildirib.

R.Rəhimovdan sonra isə şahid kimi Səbail rayon DYP əməkdaşı Asif Kərimov ifadə verib və deyilənləri təkzib edib. O bildirib ki, hadisə yerinə gəldiklərində həmkarı, YP 250 nömrəli maşın artıq orada olub: “Qəza törədən maşının isə nömrələri çıxarılmışdı. Mən meyitin yanında dayandım, həmkarım Yasin də yolu tənzimləyirdi. Bu oğlan ağlaya-ağlaya danışırdı, adamlar da başına yığışırdı. Həmin adamların da kim olduğunu bilmirdik. Bəzən elə olanda sürücü ilə dava düşür, əlavə problem yaranırdı. Ona görə oğlanı biraz kənara uzaqlaşdırdıq, dedik get maşınların arasında dayan. Maşında bu oğlanın şəxsiyyətin təsdiqləyəcək heç bir sənədi yox idi. Sonra gəlib gördük ki, bu adam yoxdur. Müstəntiq gəlib hadisə yerinin müayinəsini apardı. Biz ona qəzanı 17 yaşlı gənc bir oğlanın törətdiyini dedik, amma onu axtaranda gördük yoxdu. Sonra araşdırma aparıldı, cəzalananlar da oldu”-deyə Asif Kərimov bildirib.
Amma R.Rəhimov əlavə edib ki, onun maşının nömrələrini YP 250 seriyalı xidməti avtomobildə olan yol polisi əməkdaşı açaraq maşının baqajına qoyub.
Həqiqətən də dəhşətli mənzərədi. Bir qadın həyatını itirir və polis bu cinayətin üstünü ört-basdır edir. İlkin qənaət budur ki, cinayət törədən çox varlı ailədəndir və polisin canfəşanlığı da bununla bağlıdır. Deməli, bu ölkədə istənilən vəzifəli, varlı adam cinayətdən asanlıqla yaxa qurtara bilər və bu məqamda qanunlar acizdir.
İndi günahkar kimdir? Həqiqəti gizlədən polis, yoxsa bu eybəcər mənzərənin rəssamı olan hökumət? Polis bu cəsarəti hardan alıb, niyə bir cinayəti gizlətmək istəyib?
Bu ölkədə belə hallar ilk dəfə baş vermir. Yüzlərlə belə fakt var ki, yuxarıdakılar polisin vasitəsilə çirkin əməllərə imza atırlar. Polisin məhəkmədə üzə dirəndiyini də, haqqını tələb edən qadına təpik atdığını da, cibə narkotika tulladığını da görmüşük.
Polisə xalqa deyil, hakimiyyətə xidmət təlqin edilir. Polis də eybəcər idarəçiliyin mahiyyətinə uyğunlaşır. Bu hadisə bir daha təsdiqləyir ki, bu ölkədə istənilən adamın qanını batırmaq, günahız adama cəza yükləmək adi haldır. Doğurdan da dəhşətli realıqdır ki, adam öldürən şəxsi polis aradan çıxarır. Ölkədəki qanunsuzluq, özbaşınalıq, şəxslərin qanuna çevrilməsi polisi belə bir addım atmaqdan çəkinrimir. Polis hər hansı hadisə zamanı öncə hadisə törədənin kimliyini araşdırır və buna görə hərəkət edir.

Ölkəni belə bir bataqlığa çevirdilər və belə reallıqda heç kimin sığortası yoxdur. Hakimiyyət isə ölkədəki sabitliklə öyünür.

Samir
Tarix: 3-02-2018, 08:18
Xəbəri paylaş





Xəbər lenti