Cəlaloğlu: “Problem müxalifətin özündədir” – Növbədənkənar seçki

Cəlaloğlu: “Problem müxalifətin özündədir” – Növbədənkənar seçki
Son referendumdan dərhal sonra biz növbədənkənar prezident seçkilərinin keçirilməsini gündəmə gətirmişdik. İndi növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi Konstitusiyaya uyğun addımdır.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri qeyd edib ki, növbəti prezident seçkiləri olduğu üçün seçki qanununda müəyyən yumşalma olmalıdır:

“Əks halda müxalifətin seçkilərdə iştirakı çətin, bəlkə də mümkünsüz olacaq. İqtidarın isə bu seçkilərdə iştirakı ilə bağlı problemi olmayacaq. Güclü təşkilat, inzibati resurslar var. Müxalifətdə isə bu yoxdur”.

Cəlaloğlu müxalifətin belə durumla qarşılaşmasını da şərh edib:

“Əslində, növbədənkənar prezident seçkilərinin təyin edilməsi gözlənilən idi. Artıq 2-3 aydır ki, namizədlər məsələsi müzakirə olunurdu. Kimin ağlı başında idisə, anlayırdı ki, yaxın dövrdə seçkilər ola bilər. Bu mənada müxalifət üçün bu seçkilər gözlənilməz olmamalı idi. Əgər gözlənilməz olubsa, problem müxalifətin özündədir”.

S.Cəlaloğlu əlavə edib ki, növbədənkənar seçkilər ADP üçün çətinliklər yaratmır:

“Biz seçkilərdə formal iştirak edəcəyik. Yəni nəyin bahasına olursa-olsun, seçkilərdə iştirak prinsipi yoxdur. Ancaq seçkilərə 2 ay zaman var. Seçkidə iştirak etmək istəyən indidən hazırlıqlar görməlidir”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

Tarix: 5-02-2018, 16:37
Xəbəri paylaş





Xəbər lenti