“Doğrudan xəbərin yoxdur?”

“Doğrudan xəbərin yoxdur?”
Son on ildə çox nadir hallarda olub ki, səhər saat 9-da kompüterin arxasına keçməyim. O nadir hallardan birini dəqiq xatırlayıram, 2009-cu ilin fevralın 11-i idi, işə gəlirdim, saat 9-u keçmişdi. “Koroğlu” metro-stansiyasının həndəvərində baş redaktordan zəng gəldi ki, general Rail Rzayevi vurublar, təcili gəl. 10 dəqiqədən sonra redaksiyaya çatdım, amma gec idi, qatil aradan çıxmışdı. Hələ də tapmayıblar.

Fikir vermişəm, nə vaxt bir neçə saat kompüterdən, internetdən aralı olaram, mütləq yekə bir hadisə baş verər. Orda-burda, ictimai yerlərdə bir də görərəm ki, camaat baş vermiş hadisədən, yenilikdən danışır, amma mən, məşhur ifadə ilə desək, söhbətə fransız qalmışam (düzü bilmirəm bu “fransız qalmaq” nə məsələdir, amma hamı elə deyir).

O cür söhbətə “fransız qalmaq” məsələsinin biri də dünən səhər oldu. Bir işlə əlaqədar dövlət təsisatlarında çalışan köhnə iş yoldaşımla onun kabinetində oturub söhbət edirdik. Söz-sözü necə gətirdisə, sabiq həmkarım dedi, bu məsələni prezident seçkilərindən sonra, mayda-iyunda həll edərik. Mən də soruşdum ki, gələn ilmi. Məmur dedi, yox, bu il. Dedim, axı prezident seçkisi oktyabrda olacaq, ondan sonrakı may-iyun isə 2019-a düşür. O, üzümə çəpəki-çəpəki baxaraq dedi: “Xəbərin yoxdur?”

Açığı, bu sözün ardınca “Müharibə başlayıb, səfərbərlik elan edilib”, yaxud da “SSRİ bərpa olunub” kimi bir xəbərin gələcəyini gözləyirdim. Amma ondan da xəbərim yox idi. Həqiqəti söylədim, dedim, mən evdən çıxanda Azərbaycan Respublikasının vətəndaşı kimi çıxmışam, bu miqyasda nə hadisə baş veribsə, xəbərim yoxdur.

Bizim camaatda geniş yayılmış qənaət var: jurnalist hər şeyi bilməlidir, bütün yeniliklərədn xəbərdar olmalıdır. Əksinə olarsa, adamın xarizması cızıq-cızıq, hətta cırıq-cırıq ola bilər. Həmin duruma düşmüşdüm.

Xüləs, məlum oldu ki, sovet dövrünün qəzet dili ilə desək, cari ildə keçirilməsi nəzərdə tutulan əhəmiyyətli tarixi hadisənin - prezident seçkisinin vaxtı qabağa çəkilib, aprelin 11-nə təyin edilib.

Çox yaxşı. Amma bu, “xəbərin yoxdurmu” sualından keçən 35 saniyənin içində gözlədiyim variantların ən sensasionu deyildi. Hələ ötən ilin sonlarında deputat Zahid Oruc belə bir təklif irəli sürmüşdü. Elə o zaman da güman olunurdu ki, deputatın bu təklifi göydəndüşmə deyil, demək, sarayda belə bir layihə müzakirə olunur.

İndi bəzi siyasətçilər deyir, “hazırlıqsız yaxalandıq”. Bəlkə də. Amma bu seçki elə şeydir ki, siyasətçi ona heç vaxt hazırlıqsız yaxalanmamalıdır. Siyasi partiya saat mexanizmi kimi işləməlidr - 7/24. Siyasi partiya bir seçki bitən kimi, o birinə hazırlaşmalıdır. Elə olanda adam hazırlıqsız yaxalanmır.

Ümid edək ki, ölkədə siyasətlə məşğul olanların hamısının bu yenilikdən xəbəri var. Yəni seçkinin oktyabrda olacağını düşünüb, “avqustda qayıdıb seçkiyə qatılaram” düşüncəsi ilə şəxsi işinin dalınca Rusiyaya, Amerikaya, Türkiyəyə gedənlər ola bilər. İndi onlar məcburdurlar qayıdalar. Çünki aprel budu ha, qapının ağzındadır.

Jurnalistin hər şeydən xəbərinin olmasına gəlincə, gerçəkdən də elə olmalıdır. Yəni müasir jurnalist səhərin ilk xəbərini xalqa verib, gecə də son xəbəri paylaşıb yatmalıdır, yoxsa gözləmədiyi yerdə ona “filan şeydən xəbərin yoxdurmu” deyərlər, pərtlik-filan yaranar.

2001-in sentyabrında baş vermiş hadisəni hələ də media camiəsində lətifə kimi danışırlar, yəqin ki, hələ 83 il (bir əsr düzəlməsi üçün) bundan belə də danışacaqlar. Bilməyən varsa, yazaq, bilsin. O vaxt Üsəma bin Ladenin kamikadzeləri ələ keçirdikləri sərnişin təyyarəsini gətirib Nyu-Yorkdakı əkiz qüllələrə və Pentaqonun binasına çırpanda bizim hökumət qəzetlərindən (adını çəkib səs-küy yaratmaq istəmirəm) birinin kollektivinin bu hadisədən xəbəri olmamışdı, axşam erkəndən qəzeti bağlayıb dağılışmışdılar evlərinə. Bütün dünyanın mediasının həmin gün və ertəsi gün baş xəbəri təxminən beləydi: “Əkiz qüllələr və Pentaqon vuruldu”. Yalnız bizim ölkədəki bir qəzet fərqli manşetlə çıxmışdı: “Pentaqonda islahatlar davam edir”.

Bilmirəm ABŞ səfirliyindən o vaxt o qəzetə zəng edib dedilərmi: “Bu nə manşetdir? Məzələnirsiz?”

Hər şeydən xəbəri olmaq və heç nəyə hazırlıqsız yaxalanmamaq gözəl şeydir.




Samir SARI
Tarix: 6-02-2018, 09:00
Xəbəri paylaş





Xəbər lenti